
Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi arasında telefon danışığı olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Nazirlər körfəzdəki vəziyyət müzakirə ediblər.
Lavrov ABŞ-İsrailin Buşehr Atom Elektrik Stansiyası da daxil olmaqla, İranın nüvə infrastrukturuna hücumlarının qəti şəkildə qəbuledilməz olduğunu söyləyib. Bildirib ki, bu hücumlar Rusiya personalının təhlükəsizliyi üçün qəbuledilməz risklər yaradır və regiondakı bütün ölkələr üçün fəlakətli ekoloji nəticələrə səbəb ola bilər.
Vaşinqton və Təl-Əvivin təhrik etdiyi münaqişənin Xəzər dənizinə təhlükəli şəkildə yayılması ilə bağlı qarşılıqlı narahatlıq ifadə edilib.
Rusiya tərəfi hərbi əməliyyatların dərhal dayandırılmasına və bütün tərəflərin, xüsusən də İranın qanuni maraqlarını nəzərə alan siyasi həllin zəruriliyini vurğulayıb. Rusiyanın BMT Təhlükəsizlik Şurasında da bu mövqeyə sadiq qalacağı qeyd olunub.
A.Əraqçi İran İslam Respublikasına göstərilən diplomatik və digər dəstəyə, o cümlədən humanitar yardımın çatdırılmasına görə Rusiya rəhbərliyinə təşəkkür edib.