
Bu gün Moskva səmasında vurulan Ukrayna PUA-larının sayı 65-ə çatıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bugünkü dron hücumu bu il Moskva və ətraf bölgələrə Ukraynanın ən böyük dron hücumu olub.
Moskva meri Sergey Sobyanin bu gün hava hücumundan müdafiə qüvvələrinin paytaxt istiqamətində uçan 65 dronu məhv etdiyini açıqlayıb.
Hazırda Ukraynanın Rusiya paytaxtına PUA hücumunun davam etdiyi bildirilib.
Moskva vilayətinin Troysk, Korolyov, Krasnopaxorsk, Dubna, Volokolamsk şəhərlərində dronların vurulduğu müşahidə olunub.
Bundan başqa, Moskva istiqamətində uçan dronlardan bir neçəsi də Kaluqa vilayətinin ərazisində vurulub.
***
22:53
Ukrayna Silahlı Qüvvələrinin Moskvaya kütləvi PUA hücumu davam edir.
APA-nın Rusiya bürosu xəbər verir ki, axşam saatlarında başlayan kütləvi PUA hücumunun davam etdiyi bildirilib.
Paytaxt meri Sergey Sobyanin indiyədək Moskva istiqamətində uçan 47 PUA-nın vurulduğunu açıqlayıb.
***
20:41
Ukrayna Silahlı Qüvvələri Rusiya paytaxtı Moskva istiqamətində kütləvi pilotsuz uçuş aparatları ilə hücum edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Onun sözlərinə görə, Moskva istiqamətində uçan 32 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Mer əlavə edib ki, PUA-ların qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmətlər işləyir.