• 11 °C
|

Rəsmi Moskva Avropa ölkələrini Kalininqradı ələ keçirməyə hazırlaşmaqda ittiham edib

23 Aprel 2026
img

Avropa ölkələri Birləşmiş Krallığın rəhbərlik etdiyi Birləşmiş Ekspedisiya Qüvvələri (JEF) təlimləri zamanı dəniz blokadası və Kalininqrad vilayətinin ələ keçirilməsi ssenarilərini tətbiq edirlər.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Onun sözlərinə görə, son illərdə Uzaq Şimal, Şimali Atlantika və Baltik dənizində çevik reaksiya üçün məsul olan Avropa hərbi qüvvələrinin fəaliyyəti artıb.

Qruşko həmçinin NATO-nun Baltik dənizinin dibində enerji və rabitə kabellərinin kəsilməsindən sonra başladığı "Baltik gözətçisi" əməliyyatını xatırladıb.
Rusiyalı nazir müavini həmin əməliyyatın əsl məqsədini beynəlxalq nəqliyyat marşrutlarına nəzarət etmək və Rusiyanın maraqları naminə həyata keçirilən yük daşımalarını məhdudlaşdırmaq kimi təsvir edib.

"NATO Avropanın bu hissəsində məqsədli şəkildə qarşıdurmanın gücləndirilməsi yolu ilə gedir", deyə rusiyalı diplomat vurğulayıb.

Qeyd edək ki, "JEF"-ə on Şimali Avropa ölkəsi daxildir. Birləşmiş Krallıqdan başqa koalisiyaya Danimarka, Finlandiya, Estoniya, İslandiya, Latviya, Litva, Niderland, İsveç və Norveç daxildir. Koalisiya 2015-ci ildə böhranlara çevik reaksiya vermək, təhdidlərin qarşısını almaq və əsasən Baltik dənizi və Şimal regionlarında əməliyyatlar aparmaq üçün yaradılıb.