Rusiyanın Çelyabinsk vilayətinin Vasilovka qəsəbəsində baş vermiş yanğın nəticəsində dörd uşağın həyatını itirməsi ilə bağlı cinayət işi açılıb.
APA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Hadisə zamanı 12 yaşlı bir qız və üç oğlan uşağı – biri 7, ikisi isə 5 yaşında – evdə tək olublar. Yanğın nəticəsində uşaqların hamısı həlak olub. Hazırda müstəntiqlər və kriminalistlər hadisənin başvermə şəraiti və səbəblərini araşdırırlar.
İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) üzrə cinayət işi açıb. Bu maddə ehtiyatsızlıqdan baş verən ölüm halları üçün nəzərdə tutulub və ciddi hüquqi məsuliyyət daşıyır.