
Ermənistanın hüquq-mühafizə sistemi bu ölkənin, onun xalqının daxili işidir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Gümrü meri Vardan Qukasyanın həbsi barədə danışarkən bildirib.
O, Ermənistanda Rusiya ilə ittifaq dövlətini dəstəkləyən açıqlamaların ölkənin suverenliyindən imtina kimi qiymətləndirilməsinin təəccüblü olduğunu, Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı bəyanatlara niyə eyni münasibətin göstərilmədiyini qeyd edib.
Zaxarova Rusiya ilə əməkdaşlığın faydaları ilə bağlı müzakirələrdə hər kəsin suverenlikdən imtina çağırışlarını görə bilməsindən təəccübləndiyini bildirib.
“Ermənistan rəsmiləri və siyasətçilərinin Ermənistanın Aİ üzvlüyünə doğru irəliləmək niyyəti ilə bağlı çoxsaylı açıqlamaları nəzərə alındıqda, bu cür ittihamlar xüsusilə qəribədir. Maraqlıdır, ölkənin hüquq-mühafizə orqanları bu barədə nə düşünür? Axı, Aİ-yə qoşulmaq xarici siyasət, iqtisadiyyat, miqrasiya, pul siyasəti və bir çox digər sahələrdə birbaşa milli suverenliyin məhdudlaşdırılmasını nəzərdə tutur”, – o brifinqdə vurğulayıb.