"Ürəyin qanı ilə" adlı bədii-sənədli sərgi Belarus Ədəbiyyat Tarixi Dövlət Muzeyi ilə Milli Azərbaycan Ədəbiyyat Muzeyi arasında əməkdaşlığın inkişafına kömək edəcək. Bu isə öz növbəsində ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.
“Report”un məlumatına görə, bunu Belarus muzeyinin direktoru Sergey Usik Bakıda Belarus muzeyinin “Ürəyin qanı ilə” adlı sərgisinin açılış mərasimində bildirib.
"Milli Azərbaycan Ədəbiyyat Muzeyinin rəhbərliyinə, həmçinin Belarus səfirliyinə sərgimizin təşkilinə görə təşəkkür etmək istərdim. Əməkdaşlığın belə yaxşı başlanğıcı onu göstərir ki, qarşılıqlı münasibətlərimiz ildən-ilə möhkəmlənəcək", – o vurğulayıb.
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov isə qeyd edib ki, Azərbaycan və Belarus arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvardır: "Ölkələrimizin təkcə mədəni sahədə deyil, digər sahələrdə də əməkdaşlığı dərinləşdirmək üçün böyük potensialı var".
"Ürəyin qanı ilə" adlı bədii-sənədli sərgi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində aprelin 18-20-də keçirilir. Sərgi İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunub. Burada partizan hərəkatı iştirakçılarının əsərləri və yaradıcılığı təqdim olunur.