
Qırğızıstana səfər edən azərbaycanlı jurnalistlər media turu çərçivəsində İssık-Kul gölünün sahilində yerləşən “Rux Ordo” Mədəniyyət Mərkəzində olublar.
APA-nın Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, jurnalistlər mərkəzdə nümayiş etdirilən eksponatlarla tanış olub, qırğız xalqının milli adət-ənənələri, məişəti, sənətkarlıq nümunələri və ölkənin mədəni irsi barədə ətraflı məlumat alıblar.
Mərkəzin əməkdaşı Tansel Turdakunova kompleksin əsas ideyasının müxtəlif dinlər, xalqlar və mədəniyyətlər arasında qarşılıqlı hörmət və dialoqu təşviq etməsi olduğunu bildirib: "Komleksin banisi beş əsas dini – pravoslavlıq, islam, buddizm, yəhudilik və katolisizmi təmsil edən ibadət məkanlarını eyni formada inşa etdilib. Bununla dinindən asılı olmayaraq bütün insanların bir Tanrı tərəfindən yaradıldığını və Tanrı qarşısında bərabər olduğunu göstərmək istənilib".
Kompleksdə qırğız xalqının məşhur yazıçısı Çingiz Aytmatovun həyat və yaradıcılığına həsr olunmuş muzey, açıq səma altında ekspozisiyalar, etnoqrafik nümunələr, həmçinin müxtəlif dünya dinlərini simvolizə edən ibadət məkanları yerləşir.
Ziyarət zamanı media nümayəndələri mərkəzin ərazisində yerləşən memorial və incəsənət obyektlərinə də baxış keçiriblər.