"Global Media Group" həyata keçirdiyi “Media Akademiyası” layihəsinin növbəti proqramına – Peşəkar Media Məktəbinə start verib.
"Report" xəbər verir ki, məqsəd gənclərə media sahəsində praktiki-nəzəri bilik və bacarıqlar qazandırmaq, onların peşəkar inkişafını dəstəkləmək, həmçinin təlimləri uğurla tamamlayan iştirakçıları “Global Media Group”a daxil olan şirkətlərdə işlə təmin etməkdir.
Layihə çərçivəsində jurnalistika, SMM, fotojurnalistika kimi təlimlərlə yanaşı, təqdimat bacarıqları, ictimaiyyətlə əlaqələr, vaxtın idarə olunması və digər şəxsi inkişafa yönəlmiş təlimlər də təşkil olunur.
Peşəkar Media Məktəbi haqqında gənclərə ətraflı məlumat vermək məqsədilə ölkənin müxtəlif ali təhsil müəssisələrində təqdimatlar təşkil olunub. Tələbələrə “Global Media Group”un fəaliyyəti və “Media Akademiyası” layihəsinin mövcud məktəbləri, həmçinin yeni fəaliyyətə başlayan Peşəkar Media Məktəbi haqqında ətraflı məlumat verilib. Eyni zamanda tələbələrin sualları cavablandırılıb və məktəbə müraciət edən gənclərlə ilkin müsahibələr təşkil edilib.
Qeyd edək ki, “Global Media Group” Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasına uyğun olaraq, “Medianın Dayanıqlı İnkişafı” fəaliyyət istiqaməti çərçivəsində artıq iki ildir uğurla həyata keçirdiyi “Media Akademiyası” layihəsi vasitəsilə gənclərin media sahəsində inkişafına töhfə verir. Layihə çərçivəsində artıq "Baku TV" Rəqəmsal Media Məktəbi və Report Media Məktəbi fəaliyyət göstərir.