Naxçıvan şəhərində “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir.
APA-nınbölgə müxbiri xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidə önünə gül dəstələri qoyulub.
Konfrans çərçivəsində Naxçıvan televiziyası “Azerspace-1”peykində (11135 Horizontal 30000) yayıma başlayıb.Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Mətbuat Şurasının sədri Rəşad Məcid, o cümlədən ölkənin tanınmış media nümayəndələri və rəsmi qonaqlar iştirak ediblər.
Daha sonra Naxçıvanda Heydər Əliyev Sarayında “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025”in açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, 104 yaşlı “Şərq qapısı” qəzeti təkcə Naxçıvanın deyil, bütövlükdə, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır.
Səlahiyyətli nümayəndə qeyd edib ki, klassik jurnalistika prinsiplərinə sadiqliyi, analitik və siyasi məqalələrə verdiyi önəmlə seçilən qəzet, son dövrlərdə fəaliyyətini daha da genişləndirib, sosial mediada da aktiv mövqe qazanıb: “Qəzetin həm texniki bazası təkmilləşdirilib, həm də yaradıcı heyəti gücləndirilib. Ən önəmlisi isə “Şərq qapısı” qəzeti hüquqi status qazanaraq müasir media subyekti kimi fəaliyyətini daha çevik və sistemli şəkildə davam etdirmək imkanı əldə edib”.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov diqqətə çatdırıb ki, Azərbaycan milli mətbuat tarixində özünəməxsus yer tutan “Şərqi-rus” qəzetinin yaradıcısı Məhəmməd ağa Şaxtaxtlının, “Molla Nəsirəddin” jurnalı ilə müsəlman dünyasında satirik jurnalistikanın əsasını qoymuş Cəlil Məmmədquluzadənin doğulub boya-başa çatdığı Naxçıvanda medianın müasir trendlərinin müzakirəsi milli mətbuatımızın 150 illik yubileyinə dəyərli töhfədir.
Əhməd İsmayılov vurğulayıb ki, ənənəvi media institutları ilə yanaşı, sosial şəbəkələr, rəqəmsal platformalar və süni intellekt əsaslı texnologiyalar informasiya istehsalını və istehlakını sürətlə dəyişməkdədir.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru əlavə edib ki, “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında göstərildiyi kimi Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyir.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov bildirib ki, Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur: “Rəqəmsal dövrün tələbləri, süni intellektin media sahəsinə təsiri, dezinformasiya ilə mübarizə və sosial medianın artan rolu jurnalistlərdən daha yüksək peşəkarlıq və çeviklik tələb edir. Bu gün Azərbaycan mediası yalnız daxili auditoriyaya deyil, həm də beynəlxalq informasiya məkanında ölkəmizin maraqlarını müdafiə etmək vəzifəsi ilə üz-üzədir. Bu, yeni nəsil jurnalistlərin hazırlanmasını, media savadlılığının artırılmasını və innovativ texnologiyaların mətbuatda tətbiqini zəruri edir".
Kamran Həsənov qeyd edib ki, son illərdə Naxçıvan mediasının respublikanın sosial-iqtisadi inkişafında, mədəni irsinin tanıdılmasında və ölkəmizin ümumi media strategiyasına inteqrasiyasında mühüm addımlar atılıb: “Mən əminəm ki, bugünkü tədbir bu prosesə və Naxçıvan mediasının daha da inkişafına yeni təkan verəcək”.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, “Şərq qapısı” və Naxçıvan televiziyasının arxivləri böyük məxəzdir: “Dünən xüsusən gəncləri görəndə, bizi qarşılayanda istər-istəməz mənim yadıma “Cavanlar həyatı” qəzeti düşdü. Bildiyimiz kimi, sonra bu qəzet “Şərq qapısı” qəzetinə çevrildi. Bu qəzet demək olar Azərbaycanda uzun müddət fasiləsiz nəşr olunan mətbuat orqanıdır. Ümummilli Liderin “Şərq qapısı” qəzeti haqqında dediyi fikirlərin şahidiyik və xüsusən də 1990-1993-cü illərdə Ümummilli Liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə “Şərq qapısı”nın, Naxçıvan Televiziyasının materiallar onların arxivlərində qorunur. “Şərq qapısı” və Naxçıvan televiziyasının arxivləri bizim üçün də böyük məxəzdir və Ümummilli Liderin şəxsiyyətini daha yaxından tanımaqda böyük rol oynayır”.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altunkonfransa ünvanlandığı videomüraciətində bildirib ki,Həsən bəy Zərdabinin 1875-ci ildə Azərbaycan dilində nəşr etdiyi “Əkinçi” qəzeti ilə başlanan Azərbaycan mətbuatının yolçuluğu bu gün də böyük uğurla davam edir.
Konfrans çıxışlarla davam edir.
Qeyd edək ki, “MEDİAFEST-2025” Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı çərçivəsində təşkil olunur.Tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə keçirilir.