• 14 °C
|

“Dövlət başçımız bir daha göstərdi ki, Azərbaycan qlobal ədalət və sülh gündəmini formalaşdıran ölkəyə çevrilib” – Millət vəkili

28 Sentyabr 2025
img

“25 sentyabr 2025-ci ildə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış həm tarixi məqamların xatırladılması, həm də yeni beynəlxalq reallıqların təqdimatı baxımından mühüm hadisədir. Dövlət başçımız bir daha göstərdi ki, Azərbaycan təkcə öz haqqını müdafiə edən deyil, həm də qlobal ədalət və sülh gündəmini formalaşdıran ölkəyə çevrilib”.

Mediaplus.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov bildirib.

“Prezident İlham Əliyevin nitqində Ermənistanın onilliklər boyu həyata keçirdiyi işğal, etnik təmizləmə və hərbi cinayətlərin ifşa olunması beynəlxalq ictimaiyyət üçün mühüm mesaj oldu. Azərbaycan uzun illər ədalət tələb edirdi, amma dünya buna biganə qaldı. Yalnız güclü dövlətçilik və dəmir iradə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. 44 günlük Vətən müharibəsi Azərbaycanın haqq savaşının ədalətli sonluğudur və bu, beynəlxalq hüququn aliliyinin parlaq nümunəsidir.

Prezidentin Ermənistanla sülh müqaviləsinin paraflanmasını elan etməsi tarixi dönüş nöqtəsidir. ATƏT-in Minsk qrupu kimi köhnəlmiş mexanizmlərin ləğvi isə Azərbaycanın siyasi qətiyyətinin nəticəsidir. Bu həm də region dövlətlərinə ciddi dərsdir: kənar güclərin təsirinə ümid yox, yalnız real danışıqlara və ikitərəfli razılaşmalara arxalanmaq mümkündür.

Vaşinqton Sammitində imzalanan sənədlər, xüsusilə “Tramp Marşrutu” təşəbbüsü regionun gələcək inkişafına yeni nəfəs verdi. Prezident Trampın 907-ci düzəlişin icrasını dayandırması, Azərbaycanın ABŞ-la strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ölkəmizin beynəlxalq nüfuzunun bariz göstəricisidir.
Azərbaycan artıq yalnız regionun deyil, həm də qlobal geosiyasi balansın mühüm oyunçusudur.

Prezidentin çıxışında Azərbaycanın enerji təhlükəsizliyində tutduğu mövqe xüsusi yer aldı. 14 ölkəyə təbii qaz ixrac edən Azərbaycan bu sahədə etibarlı tərəfdaş kimi təsdiqlənib. Bununla yanaşı, COP29-un uğurlu nəticələri və 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin bərpaolunan mənbələrdən təmin olunacağı hədəfi ölkəmizin “yaşıl enerji” gündəminə sadiqliyini göstərir. Fikrimcə, həm iqtisadi sabitlik, həm də beynəlxalq imic baxımından mühüm strateji üstünlükdür.

Mina təhlükəsi və itkin düşmüş soydaşlarımızın taleyinin BMT tribunasından səsləndirilməsi Azərbaycanın humanitar məsələlərə verdiyi önəmin sübutudur. Xəzərin suyunun azalması probleminin isə qlobal ekoloji gündəliyə çıxarılması böyük uzaqgörənlikdir. Bu, Azərbaycanın regional liderdən qlobal liderliyə doğru irəlilədiyinin göstəricisidir.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı bir daha sübut etdi ki, Azərbaycan artıq öz taleyini özü həll edən, haqqını bərpa edən və regionda sülhün əsas memarına çevrilən dövlətdir. Azərbaycan bu gün beynəlxalq aləmdə həm ədalətin, həm gücün, həm də sülhün təmsilçisidir. Bu nitq təkcə ölkəmizin mövqeyini deyil, həm də yeni qlobal düzənin əsas konturlarını müəyyənləşdirən sənəddit” – deyə millət vəkili qeyd edib.