• 10 °C
|

GÖYDƏNİZ QƏHRƏMANOV: “Azərbaycan ilə ABŞ arasında formalaşan strateji tərəfdaşlıq qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əməkdaşlıq modelidir”

13 Fevral 2026
img

Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin son mərhələsi qarşılıqlı etimad və strateji baxış üzərində qurulan yeni əməkdaşlıq müstəvisini formalaşdırır. ABŞ-ın Vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə davam etdiyini və tərəfdaşlığın daha da dərinləşdiyini nümayiş etdirdi. Səfər çərçivəsində aparılan müzakirələr yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də regionda sabitlik, təhlükəsizlik və əməkdaşlıq mühitinin möhkəmləndirilməsinə xidmət edən mühüm siyasi mesajlar verdi.

Mediaplus.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov qeyd edib.

Bu proseslərin mərkəzində Prezident İlham Əliyevin yüksək səviyyəli və peşəkar diplomatik fəaliyyəti dayanır. Dövlətimizin başçısı uzun illərdir praqmatik, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu həyata keçirərək Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Onun təşəbbüsləri nəticəsində Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regionda sabitlik yaradan əsas aktor və mühüm siyasi mərkəz kimi qəbul olunur. Prezident İlham Əliyevin qlobal siyasi proseslərdə prinsipial, ardıcıl və nəticəyönümlü diplomatiyası ölkəmizin nüfuzunu daha da artırır.

Müasir dövrdə Azərbaycan Cənubi Qafqazın əsas siyasi və iqtisadi mərkəzi kimi çıxış edir. Regionda sabitliyin təmin olunması, genişmiqyaslı enerji və nəqliyyat layihələrinin reallaşdırılması, beynəlxalq əməkdaşlıq platformalarının yaradılması ölkəmizin lider mövqeyini daha da gücləndirib. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr regionu qlobal iqtisadi sistemə inteqrasiya etməklə yanaşı, sülh və qarşılıqlı etimad mühitinin formalaşmasına xidmət edir.

Strateji tərəfdaşlığın dərinləşməsi iqtisadi sahədə də yeni perspektivlər açır. Enerji sektorunda əməkdaşlığın genişlənməsi, investisiya imkanlarının artması, innovativ texnologiyaların tətbiqi və nəqliyyat-logistika potensialının gücləndirilməsi ölkəmizin iqtisadi inkişafına əlavə təkan verir. ABŞ ilə iqtisadi əlaqələrin möhkəmlənməsi Azərbaycanın qlobal bazarlara inteqrasiyasını sürətləndirir, yeni investisiyaların cəlb olunmasına və iqtisadiyyatın şaxələndirilməsinə geniş imkanlar yaradır.

Bütün bu amillər göstərir ki, Azərbaycan ilə ABŞ arasında formalaşan strateji tərəfdaşlıq qarşılıqlı maraqlara əsaslanan, uzunmüddətli və perspektivli əməkdaşlıq modelidir. Bu münasibətlər ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə, regionda lider rolunun möhkəmlənməsinə və iqtisadi imkanlarının daha da genişlənməsinə xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da beynəlxalq arenada etibarlı tərəfdaş kimi çıxış edərək, sabitlik, inkişaf və əməkdaşlıq prinsiplərinə sadiqliyini davam etdirəcək.