Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olaraq 3 iyul 2025-ci il tarixində Milli Məclisin sədr müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Çin Xalq Respublikasının Şenyan şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının “Xalqlar Diplomatiyası Forumu” və “Qardaşlaşmış Şəhərlər Forumu”nda iştirak etmək mənim üçün olduqca əlamətdar və önəmli bir hadisə oldu.
Tədbirin təntənəli açılış mərasimi ŞƏT-ə üzv və müşahidəçi dövlətlərin nümayəndələrinin iştirakı ilə keçirildi. Açılışda xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın, mədəniyyətlərarası dialoqun və ictimai diplomatiyanın əhəmiyyəti xüsusi vurğulandı. Bu forum, dövlətlərarası rəsmi münasibətləri tamamlayan və onu daha da gücləndirən xalq diplomatiyasının canlı nümunəsidir.
Səfər çərçivəsində nümayəndə heyəti olaraq bir sıra rəsmi görüşlər keçirdik, təmsil etdiyimiz ölkənin mövqeyini və dəyərlərini paylaşmaq imkanı qazandıq. Forumun əsas məqsədlərindən biri də məhz qlobal çağırışlara qarşı birlikdə cavab tapmaq, şəhərlər və xalqlar arasında daha sıx əlaqələr qurmaq idi.
Azərbaycan və Çin arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Xüsusilə siyasi dialoqun intensivləşməsi, yüksək səviyyəli qarşılıqlı səfərlər və əməkdaşlıq sənədlərinin imzalanması bu münasibətləri daha da möhkəmləndirib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Bir kəmər, bir yol” təşəbbüsünə verdiyi dəstək və bu layihənin Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə uzlaşması əməkdaşlığımızın strateji xarakter aldığını göstərir.
Azərbaycan–Çin əlaqələrinin inkişafında iqtisadi və ticarət münasibətləri mühüm rol oynayır. Son illərdə qeyri-neft sektoru üzrə Çinlə ticarət dövriyyəsinin artması, birgə sərgilərin təşkili və investisiya forumlarının keçirilməsi işgüzar dairələr arasında əlaqələrin genişlənməsinə təkan verib.
Bu baxımdan, “Made in Azerbaijan” brendi altında istehsal olunan yerli məhsulların Çin bazarına çıxışı xüsusi qeyd edilməlidir. Kənd təsərrüfatı, qida sənayesi, tekstil və dekorativ sənətkarlıq sahələrində istehsal olunan məhsullar Çində keçirilən beynəlxalq sərgilərdə və ticarət platformalarında Azərbaycanı uğurla təmsil edir. Bu məhsullar təkcə ölkəmizin iqtisadi potensialını deyil, həm də zəngin mədəni irsini tanıtmaq baxımından böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən ixracın təşviqi proqramları, ticarət nümayəndəliklərinin açılması və beynəlxalq bazarlara inteqrasiyanın dəstəklənməsi “Made in Azerbaijan” markasının dünya miqyasında tanınmasına və rəqabət qabiliyyətinin artmasına şərait yaradıb.
Turizm sahəsində də ciddi dinamika müşahidə olunur. Azərbaycan son illərdə Çinli turistlər üçün cəlbedici istiqamətə çevrilmiş, eyni zamanda Çin şirkətləri ilə bu əməkdaşlıq imkanları artmışdır. Turizm sahəsində ikitərəfli anlaşmalar, vizaların sadələşdirilməsi və qarşılıqlı reklam kampaniyaları ölkələrimiz arasında insan axınının daha da artmasına şərait yaradıb.
Bu əməkdaşlıq həm də ortaq mədəni irsin paylaşılması və təbliği sahəsində mühüm addımlarla tamamlanır. Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində ucaldılmış Nizami Gəncəvi abidəsi məhz bu mədəni yaxınlaşmanın və Azərbaycan diplomatiyasının uğurlarının simvollarından biridir. Böyük Azərbaycan şairinin Çin kimi nəhəng bir ölkənin mərkəzində əbədiləşdirilməsi, onun irsinin dünya ictimaiyyətinə tanıdılması baxımından əlamətdar hadisədir.
Bu təşəbbüs Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəni diplomatiya siyasətinin parlaq təzahürüdür. Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhfələrin tanıdılması və böyük şəxsiyyətlərimizin beynəlxalq miqyasda təbliği ölkəmizin yumşaq gücünün mühüm istiqamətini təşkil edir. Eyni zamanda, bu kimi təşəbbüslər beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasına, mədəniyyətlərarası dialoqun dərinləşməsinə və xalqımızın zəngin mənəvi irsinin tanınmasına xidmət edir.