
“Aprelin 25-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş və səsləndirilən bəyanatlar bir daha təsdiq etdi ki, Azərbaycanın regionda qazandığı nüfuz və etibarlı tərəfdaş imici məhz cənab Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir”.
Mediaplus.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
“Azərbaycanın beynəlxalq arenada mövqeyinin güclənməsi təsadüfi deyil. Bu, düşünülmüş xarici siyasət kursunun, milli maraqlara əsaslanan prinsipial mövqenin və eyni zamanda çevik diplomatiyanın məntiqi nəticəsidir. Ölkə başçımız tərəfindən həyata keçirilən balanslı siyasət Azərbaycanın həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edib. Bu siyasət bir tərəfdən ölkənin milli maraqlarını qoruyur, digər tərəfdən isə müxtəlif güc mərkəzləri arasında tarazlığı saxlayır.
Azərbaycanın Ukrayna ilə münasibətləri də məhz bu uğurlu siyasətin tərkib hissəsidir. Qarşılıqlı hörmətə əsaslanan bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan hər zaman dost ölkələrlə münasibətlərlərdə mühüm diqqət ayırır.
Bunun ən bariz nümunələrindən biri Ukraynaya göstərilən humanitar dəstəkdir. Xüsusilə çətin qış şəraitində Azərbaycanın göndərdiyi 11 paket humanitar yardım real göstəricidir. Bu addım cənab Prezidentin humanizmə əsaslanan siyasətinin real təzahürüdür.
Eyni zamanda, müharibədən zərər çəkmiş uşaqlara göstərilən diqqət xüsusi vurğulanmalıdır. 500-dən artıq ukraynalı uşağın Azərbaycanda reabilitasiyası təşəbbüsü bir daha göstərir ki, Azərbaycan siyasətində insan amili prioritet təşkil edir. Bu, humanitar siyasətin mühüm elementidir və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycanın sülh tərəfdarı mövqeyi cənab Prezident İlham Əliyevin siyasi kursunun əsas istiqamətlərindən biridir. Ölkəmiz hər zaman münaqişələrin danışıqlar yolu ilə həllini dəstəkləyib və bu gün də eyni mövqedən çıxış edir. Azərbaycanın mümkün sülh danışıqları üçün platforma kimi təklif olunması isə ölkəmizin artan diplomatik nüfuzunun göstəricisidir.
Qəbələdə keçirilən görüş çərçivəsində 6 mühüm sənədin imzalanması isə bu münasibətlərin nəticələrinin göstəricisidir. Bu sənədlər müxtəlif sahələri əhatə edərək Azərbaycan-Ukrayna əməkdaşlığını daha da dərinləşdirir və institusional əsaslarını gücləndirir.
Bütün bunlarla yanaşı, qeyd olunmalıdır ki, Azərbaycan-Ukrayna münasibətləri sadəcə siyasi əməkdaşlıq deyil, səmimi dostluğa əsaslanan əlaqələrdir. Bu dostluq münasibətləri uzun illərdir formalaşıb və bu gün daha da möhkəmlənir.
Nəticə etibarilə, Azərbaycanın əldə etdiyi uğurların əsasında cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti dayanır. Məhz bu siyasət sayəsində Azərbaycan bu gün güclü dövlət, etibarlı tərəfdaş və sülhün tərəfdarı kimi beynəlxalq münasibətlər sistemində öz güclü və mühüm yerini tutur”.