“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakı, ölkəmizin diplomatik uğurlar silsiləsində mühüm yer tutur. Bu səfər təkcə region ölkələri ilə əlaqələrin genişləndirilməsi baxımından deyil, həm də Azərbaycanın beynəlxalq miqyasda artan siyasi nüfuzunun göstəricisidir”.
Mediaplus.az xəbər verir ki, bu barədə millət vəkili Göydəniz Qəhrəmanov paylaşım edib.
“Dünya miqyasında gedən mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın sülh, sabitlik və əməkdaşlıq çağırışlarını qlobal tribunalardan səsləndirməsi, ölkəmizin xarici siyasətinin əsas prioritetlərinin nə dərəcədə balanslı və uzaqgörən şəkildə qurulduğunu bir daha nümayiş etdirir.
Yaxın Şərq Sülh Sammiti — münaqişələrin, humanitar böhranların və təhlükəsizlik çağırışlarının kəskin olduğu bir dövrdə — siyasi dialoqun təşviqi baxımından mühüm platformadır. Prezident İlham Əliyevin bu sammitdə iştirakı, Azərbaycanın regiondakı proseslərə yalnız müşahidəçi kimi deyil, həm də təşəbbüskar və dialoq tərəfdarı dövlət kimi qoşulduğunu göstərdi.
Azərbaycanın xarici siyasət kursu təkcə milli maraqları qorumaqla kifayətlənmir, həm də beynəlxalq təhlükəsizliyə real töhfə verir. Bu isə ölkə rəhbərinin güclü idarəçilik bacarığı və dərin diplomatik təcrübəsi ilə birbaşa bağlıdır. Məhz bu amillər nəticəsində Azərbaycan regionda söz sahibi, etibarlı tərəfdaş və müstəqil siyasət yürüdən ölkə kimi qəbul olunur.Prezident İlham Əliyevin Misirə səfəri və Yaxın Şərq Sülh Sammitində iştirakı bir daha göstərdi ki, Azərbaycan bu gün regionda sabitlik və əməkdaşlıq siyasətinin aparıcı qüvvəsidir.
Dövlət başçısının ardıcıl beynəlxalq fəallığı ölkəmizin siyasi mövqeyini möhkəmləndirir, diplomatik nüfuzunu isə dahada artırır.
Bu səfər həm də “Güclü lider – güclü idarəçilik” prinsipinin növbəti təzahürüdür. Azərbaycan Prezidenti öz strateji baxışı və diplomatik çevikliyi ilə ölkəmizin milli maraqlarını beynəlxalq səviyyədə inamla müdafiə edir və qlobal siyasi arenada Azərbaycanın rolunu getdikcə daha da gücləndirir”.