• 26 °C
|

GÖYDƏNİZ QƏHRƏMANOV: Bu tarixi Qələbə nəticəsində yalnız torpaqlarımız işğaldan azad edilmədi, həm də BMT qətnamələrinin kağız üzərində qalmış tələbləri Azərbaycan xalqının öz gücü ilə icra olundu

30 İyul 2025
img

“İyulun 29-da BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 853 saylı qətnamədən 32 il ötdü. Bu qətnamə Azərbaycanın Ağdam rayonunun və işğal altında olan digər ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirdi. Təəssüf ki, həmin sənəd və ona bənzər digər qətnamələr illərlə kağız üzərində qaldı – beynəlxalq təşkilatlar bu qərarların icrasını təmin etmək üçün ciddi və real addımlar atmadılar. Bu laqeyd münasibət nəticəsində, uzun illər boyu beynəlxalq hüququn kobud şəkildə pozulmasına, yüz minlərlə azərbaycanlı doğma yurd-yuvasından didərgin düşdü”.

Mediaplus.az xəbər verir ki, bu sözləri millət vəkili Göydəniz Qəhrəmanov sosial şəbəkə hesabında paylaşıb.

“Amma tarix bir daha sübut etdi ki, ədalət yalnız güclü iradə, milli həmrəylik və mübarizə ilə təmin olunur. Azərbaycan xalqı illərlə səbirlə ədalətin bərpasını gözlədi, amma heç vaxt haqqından imtina etmədi. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Azərbaycan Ordusunun igidliyi və xalqımızın sarsılmaz birliyi nəticəsində 44 günlük Vətən müharibəsi qazanıldı. Bu tarixi Qələbə nəticəsində yalnız torpaqlarımız işğaldan azad edilmədi, həm də BMT qətnamələrinin kağız üzərində qalmış tələbləri Azərbaycan xalqının öz gücü ilə icra olundu.

Bu gün Ağdamın, Qarabağın və Şərqi Zəngəzurun azad olması, Azərbaycan bayrağının bu müqəddəs torpaqlarda qürurla dalğalanması, işğal illərində xarabalığa çevrilmiş şəhər və kəndlərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət alması bir daha göstərir ki, Azərbaycan xalqı heç vaxt haqqından və ədalət tələbindən geri çəkilməyib. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan xalqı öz gücü ilə tarixi ədaləti bərpa etdi və bu ədalət əbədi olacaq.”

Artıq işğaldan azad olunmuş torpaqlarda həyat bərpa olunur, məktəblər, xəstəxanalar, yollar, hava limanları tikilir. Bir zamanlar yurdlarından didərgin düşmüş soydaşlarımız bu ərazilərə qayıtmağa başlayır. Bu proses Azərbaycanın iradə və gücünün parlaq sübutudur”.