• 26 °C
|

Göydəniz Qəhrəmanov: Ölkəmizin uğurları Prezident İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi və qlobal prosesləri dərin təhlil edə bilən liderlik bacarığı ilə birbaşa bağlıdır

23 İyul 2025
img

Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər bir daha təsdiq edir ki, ölkəmiz beynəlxalq arenada mühüm rol oynayır və regionda lider mövqeyini daha da möhkəmləndirir. Forumdan cəmi bir gün sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın “Truth Social” sosial şəbəkəsində Prezident İlham Əliyevlə bağlı paylaşımı dövlət başçımızın beynəlxalq nüfuzunun bir daha göstəricisi oldu. Bu paylaşım cənab Prezidentin apardığı ardıcıl, prinsipial və uğurlu diplomatik siyasətin beynəlxalq aləmdə doğurduğu müsbət təsiri bir daha nümayiş etdirdi. Onun səsləndirdiyi fikirlər təkcə region ölkələri üçün deyil, bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyət daşıyır və yüksək dəyərləndirilir.

Bu sözləri millət vəkili Göydəniz Qəhrəmanov sosial şəbəkə hesabında paylaşdığı siyasi şərhdə qeyd edib.

Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev hələ 2020-ci ildə – Vətən müharibəsi dövründə dünyanın nüfuzlu media qurumlarına verdiyi çoxsaylı müsahibələrlə Azərbaycan həqiqətlərini beynəlxalq auditoriyaya çatdıraraq informasiya müharibəsində də qələbənin əsasını qoymuşdu. Bu informativ və diplomatik fəallıq nəticəsində Azərbaycanın haqlı mövqeyi geniş şəkildə tanındı və dəstəkləndi. III Şuşa Qlobal Media Forumunda səsləndirilən fikirlər və toxunulan strateji mövzular isə xarici jurnalistlər və beynəlxalq ekspertlər tərəfindən qlobal geosiyasi proseslərə verilən obyektiv və peşəkar yanaşma kimi qiymətləndirildi.

Məhz buna görədir ki, Forum bu gün artıq ABŞ kimi dünyanın aparıcı dövlətlərinin və onların liderlərinin diqqətini cəlb edir. Bu fakt Prezident İlham Əliyevin şəxsində Azərbaycanın müstəqil, qətiyyətli və balanslaşdırılmış siyasət yürüdən bir dövlət kimi beynəlxalq sistemdə artan rolunu təsdiqləyir.
Cənab Prezidentin atdığı mühüm siyasi addımlar ölkəmizin həm regionda, həm də dünyada mövqeyini daha da möhkəmləndirib. Onun rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazda sülhün, əməkdaşlığın və inkişafın təşəbbüskarı kimi çıxış edir. Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlar, xüsusilə də Azərbaycanın irəli sürdüyü konstruktiv təkliflər və prinsipial mövqe beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir.

Bundan əlavə, Azərbaycanın enerji diplomatiyası, nəqliyyat-logistika layihələri və Türk Dövlətləri Təşkilatı çərçivəsində güclənən mövqeyi ölkəmizin geosiyasi və iqtisadi əhəmiyyətini artırmaqdadır. Dövlətimiz tərəfindən həyata keçirilən “yaşıl enerji” strategiyası Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsinə zəmin yaratmışdır ki, bu da ölkəmizin qlobal iqlim gündəmində liderliyini təsdiqləyir.
Ölkəmizin bütün bu uğurları Prezident İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi və qlobal prosesləri dərin təhlil edə bilən liderlik bacarığı ilə birbaşa bağlıdır. Onun dövlətçilik və milli maraqlara əsaslanan siyasi kursu beynəlxalq aləmlə qurduğu balanslı münasibətlər Azərbaycanı sabit, etibarlı və inkişaf edən bir dövlət olaraq tanıdır.