• 5 °C
|

GÖYDƏNİZ QƏHRƏMANOV: “Sülh Şurasının təsisçilərindən birinin Azərbaycan olması cənab Prezidentin uzaqgörən və balanslaşdırılmış siyasətinin parlaq nəticəsidir”

23 Yanvar 2026
img

Sülh Şurasının təsisçilərindən birinin Azərbaycan olması cənab Prezidentin uzaqgörən və balanslaşdırılmış xarici və daxili siyasətinin parlaq nəticəsidir. Ölkə Başçısının həyata keçirdiyi müstəqil siyasəti ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirmiş, Azərbaycanı regionda və qlobal müstəvidə etibarlı tərəfdaş kimi nüfuzunu daha da gücləndirmişdir.

Mediaplus.az xəbər verir ki, bu sözləri millət vəkili Göydəniz Qəhrəmanov qeyd edib.

Azərbaycanın artan beynəlxalq nüfuzu və təşəbbüskarlığı ölkəmizin yalnız regional deyil, eyni zamanda qlobal təhlükəsizlik, sülh və əməkdaşlıq məsələlərində fəal iştirakını təmin edir. Bu gün dünya ölkələrinin Azərbaycanı güclü liderə malik, sabitlik yaradan və söz sahibi olan dövlət kimi yeni formalaşan beynəlxalq platformalara və qurumlara dəvət etməsi məhz bu reallığın göstəricisidir.

Azərbaycan–ABŞ münasibətlərinin son dövrlərdə yeni mərhələyə qədəm qoyması da ölkəmizə olan strateji etimadın bariz nümunəsidir. Qarşılıqlı hörmət və maraqlara əsaslanan bu əlaqələr regional təhlükəsizlik, enerji, nəqliyyat və diplomatik əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Yeni yaradılan Sülh Şurası müasir beynəlxalq çağırışlara cavab verə biləcək alternativ və daha çevik mexanizm kimi çıxış edir. Uzun illər ərzində nüfuzunu və effektivliyini itirmiş Birləşmiş Millətlər Təşkilatı isə əksər hallarda böyük dövlətlərin maraqlarına xidmət edən, ikili standartlara əsaslanan yanaşma nümayiş etdirmişdir. Azərbaycan bu ədalətsiz münasibətin acı nəticələrini Qarabağın işğal altında olduğu dövrdə açıq şəkildə yaşamış, beynəlxalq hüququn selektiv tətbiqinin şahidi olmuşdur.

Məhz bu baxımdan Azərbaycanın Sülh Şurasının təsisçiləri sırasında yer alması təsadüfi deyil. Bu, ölkəmizə göstərilən yüksək güvənin, beynəlxalq hörmətin və Prezident İlham Əliyevin qlobal siyasi arenada formalaşdırdığı prinsipial mövqeyin nəticəsidir. Azərbaycan bu platformada sülhün, ədalətin və beynəlxalq hüququn bərabər şəkildə qorunmasının tərəfdarı kimi çıxış edərək, yeni dünya nizamının formalaşmasına öz töhfəsini verməkdə davam edəcəkdir.