• 28 °C
|

GÖYDƏNİZ QƏHRƏMANOV: “Süni intellekt artıq yalnız texnoloji yenilik deyil, iqtisadi inkişafın əsas amillərindən biridir”

4 İyul 2026
img

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi ölkəmizdə rəqəmsal transformasiya siyasətinin institusional əsaslarla yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu addım cənab Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının ardıcıl icrasının mühüm tərkib hissəsi olmaqla yanaşı, dövlət idarəçiliyinin müasir çağırışlar istiqamətində atılmış əhəmiyyətli qərarlardan biridir.

Mediaplus.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov qeyd edib.

Son illər dünyada iqtisadi rəqabətin əsas meyarlarından biri məhz rəqəmsal texnologiyalar, süni intellekt və innovasiya potensialıdır. Dövlətlərin iqtisadi dayanıqlığı, milli təhlükəsizliyi, vətəndaşlara təqdim olunan xidmətlərin keyfiyyəti və investisiya cəlbediciliyi artıq böyük ölçüdə bu sahələrdə əldə edilən nailiyyətlərdən asılıdır. Azərbaycan da bu qlobal transformasiya prosesində fəal iştirakçı olmağı hədəfləyir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iclas zamanı səsləndirdiyi fikirlər göstərir ki, qarşıdakı dövr üçün əsas prioritet
bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsinin əsasını təmin edir.

Xüsusilə, süni intellektlə bağlı verilən mesajlar strateji baxımdan diqqətəlayiqdir. Bu gün dünyada süni intellekt artıq yalnız texnoloji yenilik deyil, iqtisadi inkişafın, milli təhlükəsizliyin və beynəlxalq rəqabət qabiliyyətinin əsas amillərindən birinə çevrilib. Məhz buna görə də kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və rəqəmsal inkişaf məsələlərinin dövlət siyasətində ön plana çıxarılması olduqca vacib qərardır.

Azərbaycanın qarşıya qoyduğu hədəf regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevrilməkdir. Bu məqsədə nail olmaq üçün beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl texnologiyaların tətbiqi, yerli innovasiya ekosisteminin inkişafı və startap mühitinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, bütün qərarların milli maraqlara uyğun qəbul ediləcəyinin vurğulanması dövlət siyasətinin əsas prinsipini bir daha nümayiş etdirir.

Rəqəmsal inkişafın iqtisadi aspekti də xüsusi diqqət çəkir. İnnovativ həllərin tətbiqi yeni investisiyaların cəlb edilməsinə, yüksək əlavə dəyər yaradan sahələrin inkişafına, yeni iş yerlərinin formalaşmasına və qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artmasına ciddi töhfə verə bilər. Bu isə Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasına tam uyğun gəlir.

Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlaması göstərir ki, Azərbaycan yalnız texnologiyalardan istifadə edən ölkə olmaqla kifayətlənmək istəmir. Məqsəd rəqəmsal iqtisadiyyatın imkanlarından maksimum faydalanan, innovasiyanı dövlət idarəçiliyinin ayrılmaz hissəsinə çevirən və gələcəyin çağırışlarına hazır olmaqdır.