Kiberdələduzluqla bağlı kifayət qədər maarifləndirmə tədbirlərinə baxmayaraq, vətəndaşlar hələ də şəxsi və bank kartı məlumatlarını qarşı tərəfə verməyə davam edir.
Bunu “Report”a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov deyir.
Onun sözlərinə görə, son günlərdə bu istiqamətdə müraciətlərin sayında artım müşahidə olunur:
“Dələduzluq halı ilə bağlı müraciətlərdə yaş kateqoriyası müxtəlifdir, yəni hər yaş qrupundan olan vətəndaşlarımız bu tələyə düşür, xüsusi ilə də yaşlı vətəndaşlarımız bu kimi problemlə üzləşirlər. Belə ki, tanımadıqları şəxslərə kartın üzərindəki CVV nömrəsini, mesaj vasitəsi ilə göndərilən OTP kodunu və bu kimi şəxsi məlumatları bildirməklə kartlarından maddi vəsait silinmiş olur".
Rəqəmsal dələduzluğa qarşı mübarizə şöbəsinin baş mütəxəssisi Malik Rəhimli deyir ki, vətəndaşlar bəzi məqamlara xüsusi olaraq diqqət edərək, qurbana çevrilməkdən xilas ola bilər:
“Mütləq şəkildə zəng gələn nömrəyə baxmaq lazımdır. Bu kimi zənglər daha çox xarici nömrələrdən gəlir. Bir çox hallarda zəng edən şəxs özünü bank əməkdaşı kimi təqdim edərək vətəndaşdan şəxsi məlumatlarını istəyir. Bir şeyi yadda saxlamaq lazımdır ki, bank heç bir halda müştəridən şəxsi məlumatları istəmir. Çünki bütün məlumatlar bank daxilində saxlanılır”.
“Report” mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu edib, hansı qaydalara əməl etdiklərini, ümumiyyətlə kiberdələduzluq qurbanı olub-olmadıqlarını soruşub?
Daha ətraflı süjeti təqdim edirik: