• 21 °C
|

Britaniya kəşfiyyatı: Şimali Koreya qoşunları Kursk vilayətində 6 mindən çox itki verib

16 İyun 2025
img

Rusiyanın Kursk vilayətinə göndərilmiş Şimali Koreya hərbçilərinin təqribən yarısı ölüb, yaralanıb, yaxud itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin iyunun 15-nə olan kəşfiyyat hesabatında bildirilib.

Britaniya kəşfiyyatına görə, söhbət Koreya Xalq Demokratik Respublikasının (KXDR) 6 mindən çox itkisindən gedir.

“Daha əvvəl Kursk regionuna göndərilmiş təxminən 11 000 şimali koreyalı hərbçinin yarısından çoxu ümumi itkiləri təşkil edir”, – hesabatda vurğulanıb.

Böyük Britaniyanın kəşfiyyatı qeyd edib ki, belə yüksək itkilər, çox güman ki, genişmiqyaslı və yorucu piyada hücumları ilə əlaqədardır.

Hesabatda həmçinin bildirilib ki, 2025-ci il iyunun 4-də Rusiyanın Təhlükəsizlik Şurasının katibi və keçmiş müdafiə naziri Sergey Şoyqu son üç ay ərzində ikinci dəfə KXDR-ə səfər edərək ölkə lideri Kim Çen In ilə görüşüb.

Analitiklərin fikrincə, Şoyqu, ehtimal ki, Pxenyanın Kremlə Ukraynaya qarşı müharibədə göstərdiyi hərbi dəstək məsələləri üzrə Rusiyanın baş danışıqçısıdır.

Vurğulanıb ki, iyun ayının ortalarına olan vəziyyətə görə, KXDR-in əməliyyatları yalnız Kursk istiqaməti ilə məhdudlaşır. Belə ki, döyüş əməliyyatlarının Rusiyanın hüdudlarından kənara, o cümlədən beynəlxalq səviyyədə tanınmış Ukrayna ərazisinə genişləndirilməsi, demək olar ki, həm Vladimir Putin, həm də Kim Çen In tərəfindən təsdiq tələb edəcək.