İsrailin zərbəsi nəticəsində İranın Nətənzdəki nüvə obyektində radioaktiv maddələrin kiçik sızması baş verib.
“Report”IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının (İAET) nümayəndəsi Bəhruz Kamalvəndi bildirib.
Onun sözlərinə görə, çirklənmə xarici mühitə yayılmayıb.
“Nətənzdə zədələr əsasən səthi xarakterlidir, çünki obyektin əsas hissəsi bu yerdə yeraltındadır. Obyektin daxilində çox kiçik sızma baş verib, çirklənmə xarici mühitə heç bir şəkildə yayılmayıb. Buna görə də radioaktiv çirklənmə baxımından insanlar əmin ola bilərlər ki, problem yoxdur”, – Kamalvəndi söyləyib.
CNN telekanalı iki amerikalı rəsmiyə istinadən bildirir ki, İsrailin İranın Nətənzdəki nüvə obyektinə zərbələri “son dərəcə effektiv olub və xarici konstruksiyaların səthi zədələnməsindən çox kənara çıxıb”, uran zənginləşdirmək üçün istifadə olunan sentrifuqaların saxlandığı aşağı səviyyələrdə elektrik enerjisini sıradan çıxarıb.
“Bu, tammiqyaslı blits (qısa müddətdə qələbə çalmağı nəzərdə tutan strategiya – red.) idi”, – ziyanın ilkin qiymətləndirmələri ilə tanış olan başqa bir mənbə bildirib və əlavə edib ki, İsrailin obyektə hücumu, görünür, həm də kiberelementləri əhatə edib.
Elektrik enerjisinin kəsilməsinə nəyin səbəb olduğu – kiberhücumların, yoxsa kinetik zərbələrin hələ aydın deyil.