• 13 °C
|

Assilbek Cakiyev: Qazaxıstanın neft məhsullarının daşınması üçün Orta dəhliz çox önəmlidir

23 Aprel 2026
img

Azərbaycanda olduğu kimi, Qazaxıstanda da neft-qaz sektoru iqtisadi inkişafın əsas sütunudur.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumunda çıxışı zamanı “PetroCouncil.kz” şirkətinin rəhbəri Assilbek Cakiyev deyib.

O qeyd edib ki, rəsmi olaraq bu sektor ÜDM-in 20%-dən çoxunu təşkil etsə də, müstəqil qiymətləndirmələrə görə bu göstərici 35%-dən artıqdır:

“Qazaxıstanın 2030-cu ilə qədər məqsədi ildə 100 milyon ton neft hasil etməkdir. Hazırda ölkə dünya üzrə ən böyük 10 neft və qaz istehsalçısı sırasındadır. Əsas yataqlar Qərbi Qazaxıstanda, Xəzər dənizi sahilində yerləşir.

Son 30 ildə əsasən hasilat (upstream) layihələri üstünlük təşkil edirdisə, indi diqqət emal (downstream) layihələrinə yönəlir. Çin şirkətlərinin. Növbəti 5 il üçün bu sahədə layihələrin ümumi dəyəri 15 milyard dollardır.

Məsələn, 7,6 milyard dollarlıq layihə ilə ildə 1,2 milyon ton polietilen, 1,1 milyard dollarlıq layihə ilə isə 900 min ton butadien istehsalı planlaşdırılır”.

O bildirib ki, bu məhsulların daşınması üçün əsas istiqamətlər Çin və Azərbaycan üzərindən keçən Orta Dəhliz olacaq:

“Şimal marşrutunun yaxın 5–10 il ərzində məhdud qalacağı gözlənilir. Qazaxıstan zəngin “turş qaz” ehtiyatlarına malikdir və bu xammal neft-kimya sənayesində istifadə olunacaq. Layihələrin böyük hissəsi Atırau regionunda yerləşir (Bakıdan təxminən 50 dəqiqəlik uçuş məsafəsi).

Hazırda Qazaxıstan neftinin 80%-i Caspian Pipeline Consortium vasitəsilə ixrac olunur. Bu isə logistikanın şaxələndirilməsini zəruri edir. Məqsəd Xəzər dənizi vasitəsilə illik 3 milyon ton neft nəql etməkdir.

Lakin bunun üçün infrastruktur məhdudiyyətləri mövcuddur. Məsələn, əlavə boru kəmərləri və Aktau limanı imkanlarının genişləndirilməsi tələb olunur. Bu istiqamətdə təxminən 3 milyard dollar investisiyaya ehtiyac var”.

O əlavə edib ki, əsas prioritetlərdən biri Bakı-Tbilisi-Ceyhan boru kəməri və Xəzər marşrutunun inkişafıdır:

“Digər problem isə Qazaxıstan neftinin (daha ağır) Azərbaycan nefti ilə (daha yüngül) qarışdırılması məsələsidir. Nəqliyyat xərclərinə gəldikdə isə, ən ucuz marşrut CPC boru kəməridir – bir ton üçün təxminən 36 dollar. Bakı-Tbilisi-Ceyhan marşrutu isə təxminən 90 dollara başa gəlir. Bu fərq layihələrin iqtisadi səmərəliliyinə təsir edir.

Rusiya-Ukrayna müharibəsindən sonra Qazaxıstanda Xəzər marşrutunun gələcəyi ilə bağlı müzakirələr aparılır”.