
“Şahdəniz Kompressiya” layihəsi çərçivəsində dənizdə boru payaların quraşdırılması əməliyyatları başa çatdırılıb və bununla da layihə üzrə dənizdə tikinti işlərinə başlanılıb.
“APA-Economics” xəbər verir ki, bu barədə BP şirkəti məlumat yayıb.
Məlumata görə, son bir neçə həftə ərzində platformanın dayaq blokunun əsasını təşkil edəcək dörd boru paya “Xankəndi” sualtı tikinti gəmisi vasitəsilə dənizə daşınaraq quraşdırılıb.
Hər birinin uzunluğu təxminən 70 metr, diametri 108 düym və çəkisi 292 ton olan bu payalar bp-nin Xəzərdə indiyədək quraşdırdığı ən böyük diametrli boru payalardır.
Quraşdırma zamanı payaların sabitliyini və şaquli vəziyyətdə qalmağını təmin etmək üçün xüsusi hazırlanmış 188 tonluq sualtı dayaq tavasından istifadə edilib.
Kampaniya çərçivəsində bp-nin regiondakı əməliyyatlarında ilk dəfə olaraq paya tıxacı texnologiyası tətbiq edilib.
“Bu əməliyyatlar ŞDK layihəsinin həyata keçirilməsində əhəmiyyətli bir addımdır və 2028-ci ilin birinci yarısına planlaşdırılan növbəti mühüm mərhələ – platformanın dayaq blokunun quraşdırılması üçün yol açır”, – qeyd olunub.