
“Fitch Ratings” ortamüddətli perspektivdə Avropada təbii qaz qiymətlərinin tədricən azalacağını gözləyir.
“APA-Economics” xəbər verir ki, bunu “Fitch Ratings”in korporativ reytinqlər üzrə EMEA direktoru Jakub Zasada Bakıda keçirilən “Fitch Azərbaycanda” tədbirində bildirib.
O qeyd edib ki, agentlik sentyabrda neft və qaz qiymətləri üzrə proqnozlarını yeniləyərkən Avropanın TTF qazı üzrə qiymət fərziyyələrini yüksəldib. Buna əsas səbəb Yaxın Şərqdən LNG tədarükünün azalması olub.
Zasadanın sözlərinə görə, neft daşımalarından fərqli olaraq, LNG tədarükünü alternativ marşrutlarla təmin etmək daha çətindir. LNG tankerlərinin daha bahalı olması və onların sığortalanmasında yaranan çətinliklər daşımaları məhdudlaşdırıb.
O bildirib ki, Qətərdən LNG daşımalarının azalması qlobal bazarda təxminən 50 milyon kubmetr həcmində qaz çatışmazlığına səbəb olub. Bu, müharibədən əvvəlki qlobal LNG ticarətinin təxminən 10%-nə bərabərdir.
Təklifin azalması Avropa və Asiya alıcıları arasında mövcud LNG yükləri uğrunda rəqabəti gücləndirib və TTF qiymətlərinə yüksəldici təsir göstərib.
Zasada qeyd edib ki, sentyabrın sonuna Avropanın qaz anbarlarının doluluğu təxminən 71% olub. Əvvəlki illərin eyni dövründə bu göstərici 80–90% aralığında olub.
“Fitch” hesab edir ki, Avropanın qaz anbarlarında bazarı tarazlaşdırmaq üçün kifayət qədər ehtiyat mövcuddur və təchizatda ciddi fasilə riski aşağıdır. Bununla belə, ehtiyatların əvvəlki illərlə müqayisədə aşağı olması qiymətlərin və volatilliyin yüksəlməsinə səbəb olur.
Agentlik gələcəkdə TTF qiymətlərinin azalacağını gözləyir. Buna ABŞ və Qətərdə yeni LNG istehsal güclərinin istifadəyə verilməsi təsir göstərəcək. Zasada bildirib ki, artıq tikilməkdə olan və təsdiqlənmiş layihələr nəzərə alındıqda, onilliyin sonlarına doğru qlobal qaz bazarında təklif artıqlığı riski yarana bilər.