• 12 °C
|

Palata: Azərbaycanda neft-qaz sektoru hələ də investisiyalar üçün cəlbedici olaraq qalır

3 Dekabr 2025
img

Azerbaycanın neft-qaz sektoru hər il təxminən 3,5 mlrd. ABŞ dolları həcmində investisiya cəlb edir.

Bu barədə “APA-Economics” Alman-Azərbaycan Xarici Ticarət Palatasına istinadən xəbər verir.

“Neft və qaz hasilatı ölkəyə yönələn investisiyaların əsas hissəsini çəkməkdə davam edir. 2021–2024-cü illər arasında ölkədə bütün əsas kapital qoyuluşlarının təxminən üçdə birinə məhz bu sahə hesablanıb. Bu baxımdan avadanlıq və xidmət təchizatçıları üçün sənaye hələ də çox gəlirli istiqamətdir və Almaniya şirkətləri də bundan faydalana bilər”, – məlumatda qeyd olunur.

Bununla belə, neft-qaz sənayesində mövcud və yeni layihələrə kapital axınının sürətlə artdığı dövrlər artıq geridə qalmış kimi görünür. Xüsusilə də 2015-ci ildən bəri karbohidrogen qiymətlərində müşahidə olunan azalma tendensiyası, xüsusən neft sektorunda investisiya iştahını zəiflədir. 2021–2024-cü illər arasında sektorda əsas kapital qoyuluşları real ifadədə ildə orta hesabla təxminən 3% azalıb.

Palata vurğulayır ki, Azərbaycanda neftin istehsalı çoxdan maksimum hasilat dövrünü geridə qoyub. Azərbaycanda neft hasilatı 2010-cu ildə 50,8 mln. tonla tarixi zirvəsinə çatıb və o vaxtdan bəri ardıcıl olaraq azalır. Belə ki, 2024-cü ilidə qeyd olunan göstərici 29,1 mln. ton olub ki, bu da rekord il ilə müqayisədə təxminən 43% azdır.

Məlumata görə, təbii qaz hasilatı üzrə vəziyyət fərqlidir. Son illərdə iki rəqəmli (double-digit) artım templəri qeydə alınmasa da və 2025-ci ildən sonra qısa müddətlik durğunluq və ya cüzi azalma mümkün olsa da, 2029/2030-cu illərdə aşağı təzyiqli qaz üzrə böyük investisiya layihəsi istismara veriləndən sonra hasilatın yenidən əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

“Artıq 2033-cü ildə Azərbaycan bazara çıxarıla bilən təxminən 49 mlrd. kubmetr qaz tədarük edə bilər – bu da 2024-cü ilin 37,8 mlrd.kubmetr göstəricisindən təqribən 30% çoxdur”, – məlumatda bildirilir.