Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) öz inkişaf strategiyasına uyğun olaraq, xarici ölkələrdə hasilat bazasının genişləndirilməsi strategiyasını davam etdirir.
Bu barədə "APA-Economics”ə SOCAR-dan məlumat verilib.
Bu çərçivədə 31 yanvar 2025-ci il tarixində SOCAR “Union Energy” şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan “Tamar” layihəsində effektiv olaraq 10 faiz payın alınması üzrə müqavilə imzalayıb.
Müqavilənin qüvvəyə minməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsi, o cümlədən müvafiq qaydada tənzimləyici və digər təsdiqlərin alınması tələb olunur.
Bununla da SOCAR Aralıq dənizi hövzəsində apstrim sahəsində investisiya layihələrini həyata keçirməyə başlayır. SOCAR xarici ölkələrdə strateji aktivlərdə iştirak payının alınması istiqamətində bundan sonra da fəaliyyətini davam etdirəcək.
***
18.13
Bu gün SOCAR Aralıq dənizində ən böyük dəniz qaz ehtiyatlarından birinə malik olan "Tamar" yatağında 10% effektiv səhm payının əldə edilməsi üçün "Union Energy" şirkəti ilə müqavilə imzalayıb.
APA-nın məlumatına görə, İsrail sahillərində yerləşən “Tamar” regionun əsas təbii qaz yataqlarından olub, enerji təhlükəsizliyi və iqtisadi artımda mühüm rol oynayır.
Bu, SOCAR-ın Aralıq dənizindəki layihələrə ilk böyük investisiyasıdır.
SOCAR enerji portfelini genişləndirmək üçün bütün dünyada strateji aktivlər axtarmağa davam edəcəyini də vurğulayır.