• 28 °C
|

Azərbaycan dili dövlətçilik strategiyasının əsas sütunlarından biridir: Milli kimlikdən informasiya suverenliyinədək – TƏHLİL

1 Avqust 2026
img

Azərbaycan tarixində dil heç vaxt yalnız ünsiyyət vasitəsi olmayıb. O, xalqın milli yaddaşını, tarixi təcrübəsini, mədəni irsini və dövlətçilik ənənələrini nəsildən-nəslə ötürən əsas daşıyıcı funksiyanı yerinə yetirib. Buna görə müstəqillik illərində həyata keçirilən dil siyasəti də mədəniyyət və təhsil sahəsi ilə məhdudlaşmayaraq dövlət quruculuğunun prioritet istiqamətlərindən birinə çevrilib. Bu siyasətin əsas məqsədi təkcə Azərbaycan dilinin hüquqi statusunu möhkəmləndirmək deyil, onu müstəqil dövlətin ideoloji, siyasi və mədəni dayaqlarından biri kimi formalaşdırmaq olub.

Bu baxımdan hər il qeyd olunan 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü xüsusilə siyasi və ideoloji məna daşıyır. Bu tarix yalnız təqvimdə əlamətdar gün deyil, müstəqil Azərbaycanın dil siyasətinin ardıcıl inkişaf yolunu, milli kimlik strategiyasını və dövlətçilik fəlsəfəsini özündə əks etdirən mühüm hadisədir.

Bu günün təsis edilməsi Ümummilli Lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanla bağlıdır. Həmin sənədlə hər il avqustun 1-nin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması qərara alındı.

İlk baxışdan bu qərar simvolik xarakter daşısa da, əslində, müstəqillik dövründə həyata keçirilən dil siyasətinin yeni mərhələsini rəsmiləşdirdi. Fərman latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatmasını hüquqi baxımdan təsdiqləməklə yanaşı, ana dilinin dövlət siyasətindəki yerini də yeni səviyyəyə yüksəltdi. Bununla Azərbaycan dövləti açıq şəkildə nümayiş etdirdi ki, ana dili yalnız milli-mədəni irsin elementi deyil, dövlət müstəqilliyini möhkəmləndirən əsas sütunlardan biridir.

Əslində, həmin qərarın arxasında daha geniş strateji baxış dayanırdı. XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan üçün yeni siyasi sistemin formalaşdırılması yalnız iqtisadi və institusional islahatlarla məhdudlaşa bilməzdi. Dövlətçiliyin ideoloji əsaslarının möhkəmləndirilməsi, milli identikliyin bərpası və sovet dövründən miras qalmış siyasi-mədəni asılılıq modelindən uzaqlaşmaq üçün ortaq milli dəyərlərin gücləndirilməsi zəruri idi. Bu prosesdə ana dili əsas birləşdirici amil kimi çıxış edirdi.

Prezident İlham Əliyevin dilin dövlətçilikdəki rolu ilə bağlı səsləndirdiyi fikirlər də bu strateji yanaşmanın davamı kimi qiymətləndirilə bilər. Dövlət başçısı bildirir: “Dil insanları birləşdirir, əhalini birləşdirir. Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə…”

Bu fikir Azərbaycan dil siyasətinin mahiyyətini dəqiq ifadə edir. Dilin dövlət bayrağı, gerbi və himni ilə eyni sırada göstərilməsi onun yalnız kommunikasiya vasitəsi olmadığını, siyasi suverenliyin, ictimai birliyin və dövlətçilik şüurunun əsas atributlarından biri kimi qəbul edildiyini göstərir.

Dövlət başçısının dil məsələsini xalqın tarixi taleyi ilə əlaqələndirməsi də təsadüfi deyil. Azərbaycan xalqı müxtəlif tarixi mərhələlərdə ayrı-ayrı imperiyaların və siyasi sistemlərin tərkibində yaşasa da, ana dilini qoruyaraq milli kimliyini saxlayıb. Məhz bu baxımdan dilin qorunması yalnız mədəni irsin müdafiəsi deyil, əsrlər boyu davam edən dövlətçilik iradəsinin yaşadılması kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəmləkəçilik və siyasi asılılıq dövrləri xalqın ictimai psixologiyasına müəyyən təsirlər göstərsə də, dil milli varlığın əsas dayağı olaraq qalmağa davam edib. Dövlət başçısının “dil o amildir ki, milləti millət edir” fikri bu yanaşmanın konseptual ifadəsidir. Burada dil yalnız danışıq vasitəsi deyil, xalqın özünü ayrıca siyasi və mədəni birlik kimi dərk etməsinin əsas şərti kimi təqdim olunur.

Məhz buna görə də müstəqillik dövründə dil siyasəti ölkədə aparılan dövlət quruculuğu prosesinin ayrılmaz hissəsinə çevrildi. Dilin qorunması yalnız filoloqların, yazıçıların və elm adamlarının fəaliyyət sahəsi deyil, dövlətin strateji maraqlarına xidmət edən istiqamət kimi qiymətləndirildi.

Hüquqi statusdan dövlət institutuna

Azərbaycan dilinin müstəqil dövlətin əsas atributlarından birinə çevrilməsi prosesi, ilk növbədə, onun hüquqi statusunun müəyyənləşdirilməsi ilə başladı.

1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin əsas qanunu olmaqla yanaşı, Azərbaycan dilinin hüquqi statusunu da müəyyənləşdirdi. Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dili dövlət dili elan edildi və dövlətin onun inkişafını təmin etməsi ayrıca öhdəlik kimi təsbit olundu. Bununla Azərbaycan dili müstəqil dövlətin konstitusion dayaqlarından biri kimi hüquqi təminat aldı.

Bu norma yalnız deklarativ xarakter daşımırdı. Çünki sonrakı illərdə qəbul edilən bütün normativ aktların hüquqi əsasını məhz Konstitusiya təşkil etdi. Dövlət dili artıq yalnız tarixi-mədəni sərvət deyil, dövlət hakimiyyətinin, hüquqi münasibətlərin, ictimai idarəetmənin və milli kommunikasiyanın əsas vasitəsi kimi müəyyənləşdirildi.

Konstitusiya ilə yaradılan hüquqi baza növbəti mərhələdə xüsusi qanunvericilik mexanizmi ilə tamamlandı. Milli Məclis tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun Ümummilli Lider Heydər Əliyevin 2003-cü il yanvarın 2-də imzaladığı Fərmanla qüvvəyə mindi. Bununla Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və tətbiqi sahəsində dövlət siyasətinin hüquqi mexanizmləri sistemli şəkildə formalaşdırıldı.

Qanun dövlət orqanlarında, məhkəmələrdə, təhsil müəssisələrində, elmi təşkilatlarda, kütləvi informasiya vasitələrində, reklam və xidmət sahələrində Azərbaycan dilinin işlədilməsini tənzimləməklə yanaşı, dövlətin ana dilinə qayğı istiqamətində əsas vəzifələrini də konkret şəkildə müəyyən etdi.

Dövlət dilinin saflığının qorunması, ədəbi dil normalarının inkişaf etdirilməsi, Azərbaycan dilinin tətbiq dairəsinin genişləndirilməsi və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi təsbit edildi.

Bu baxımdan “Dövlət dili haqqında” Qanun yalnız hüquqi sənəd deyil, dövlətçilik konsepsiyasının mühüm tərkib hissəsi idi. Çünki müstəqil dövlət üçün vahid dil yalnız kommunikasiya vasitəsi deyil, idarəetmənin, milli həmrəyliyin və hüquqi sistemin əsas şərtlərindən biridir.

Əlifba islahatı və informasiya müstəqilliyi

Heydər Əliyevin dil siyasətində xüsusi yer tutan istiqamətlərdən biri latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin təmin edilməsi idi. Bu proses çox zaman yalnız texniki dəyişiklik kimi təqdim olunsa da, onun siyasi, ideoloji və geosiyasi mahiyyəti daha genişdir.

Latın qrafikasına keçid Azərbaycanın yeni geosiyasi seçimlərinin, milli özünüdərk prosesinin və türk dünyası ilə ortaq mədəni məkanın formalaşdırılmasının mühüm elementlərindən biri oldu. Bununla ölkə postsovet informasiya məkanından tədricən uzaqlaşaraq müstəqil yazı və informasiya sistemini formalaşdırmağa başladı.

Əlifba xalqın mədəni yaddaşının kodlaşdırılma vasitəsidir. Yazı sisteminin dəyişdirilməsi yalnız hərflərin əvəzlənməsi deyil, cəmiyyətin informasiya istehsalı və qəbulu mexanizmlərinin yenilənməsi deməkdir. Bu səbəbdən latın qrafikasına keçid müstəqil dövlətin öz mədəni və informasiya sərhədlərini müəyyənləşdirməsinin mühüm mərhələsinə çevrildi.

Bu keçid dövlət tərəfindən genişmiqyaslı proqramlarla müşayiət olundu. Dövlət büdcəsi hesabına minlərlə adda dərslik, klassik və müasir Azərbaycan ədəbiyyatı nümunələri, ensiklopediyalar, elmi nəşrlər və lüğətlər latın qrafikasında yenidən çap edildi və edilir. Dövlət idarəçiliyində, təhsil müəssisələrində, mətbuat orqanlarında və nəşriyyat sistemində vahid yazı standartlarının tətbiqi təmin olundu.

Əlifba islahatı faktiki olaraq ölkənin informasiya məkanının yenidən qurulması prosesinə çevrildi. Bu, yalnız yeni hərflərin tətbiqi deyil, müstəqil dövlətin öz milli yaddaşını, informasiya siyasətini və gələcək inkişaf modelini formalaşdırmasının mühüm mərhələsi idi.

Prezident İlham Əliyevin dilin tarixi davamlılığı haqqında səsləndirdiyi fikir bu kontekstdə xüsusi məna daşıyır: “Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir”.

Burada əsas vurğu Azərbaycan dilinin tarixi varisliyinə yönəlir. Müxtəlif siyasi sistemlər, imperiyalar və ideoloji rejimlər dəyişsə də, dil xalqın tarixi yaddaşını qoruyan əsas mexanizm olaraq qalır. Azərbaycan dilinin öz fundamental xüsusiyyətlərini saxlaması milli-mədəni müqavimətin və xalqın tarixi dayanıqlığının göstəricisidir.

Dövlət başçısının “Xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik” fikri də bu kontekstdə qiymətləndirilməlidir. Burada söhbət başqa dillərlə əlaqələrin və qarşılıqlı təsirin inkarından getmir. Əsas məsələ Azərbaycan dilinin öz daxili quruluşunu, ifadə imkanlarını və milli mahiyyətini qoruyaraq inkişaf etməsidir.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və qərarları ilə Konstitusiyada dövlət dilinin təsbit edilməsi, “Dövlət dili haqqında” Qanunun qüvvəyə minməsi, latın qrafikasına keçidin başa çatdırılması, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis olunması ümumilikdə vahid dövlətçilik strategiyasının tərkib hissələrini təşkil edirdi.

Qloballaşma dövründə yeni dil siyasəti

Məhz bu hüquqi və institusional baza sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirildi. Əgər ilk mərhələdə əsas məqsəd dövlət dilinin hüquqi statusunu və tətbiqini təmin etmək idisə, növbəti mərhələdə prioritet Azərbaycan dilinin qloballaşma, rəqəmsallaşma və informasiya cəmiyyətinin çağırışları fonunda inkişafını, saflığının qorunmasını və beynəlxalq rəqabət qabiliyyətinin artırılmasını təmin etmək oldu.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan dili ilə bağlı dövlət siyasəti əvvəlki mərhələdə formalaşdırılmış hüquqi bazanın qorunması ilə məhdudlaşmadı. Yeni dövrün əsas xüsusiyyəti ondan ibarət oldu ki, dil siyasəti qloballaşma, rəqəmsallaşma və informasiya cəmiyyətinin yaratdığı çağırışlara uyğun şəkildə yenidən nəzərdən keçirildi.

Əgər müstəqilliyin ilk illərində prioritet dövlət dilinin hüquqi statusunun möhkəmləndirilməsi idisə, sonrakı mərhələdə əsas məqsəd onun funksional imkanlarının genişləndirilməsi, elmi əsaslarla inkişaf etdirilməsi və müasir informasiya məkanında rəqabət qabiliyyətinin artırılması oldu.

Bu yanaşmanın hüquqi ifadəsi Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamında öz əksini tapdı.

Həmin sənəd Azərbaycan dil siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Dövlət Proqramında ilk dəfə olaraq Azərbaycan dilinin inkişafı yalnız ədəbi dil normalarının qorunması ilə məhdudlaşdırılmadı. Burada elektron informasiya məkanında Azərbaycan dilinin mövqeyinin gücləndirilməsi, müasir lüğət fondunun yaradılması, terminologiyanın sistemləşdirilməsi, dil korpuslarının hazırlanması, orfoqrafiya və orfoepiya normalarının təkmilləşdirilməsi, eləcə də dilçilik elminin müasir tələblərə uyğun inkişafı dövlət siyasətinin əsas istiqamətləri kimi müəyyən edildi.

Bu, dövlətin dil siyasətinə yanaşmasının dəyişdiyini göstərirdi. XXI əsrdə dilin inkişafı artıq yalnız məktəb, kitab və akademik tədqiqatlarla müəyyən edilmir. Rəqəmsal platformalar, süni intellekt sistemləri, axtarış alqoritmləri, elektron ensiklopediyalar, sosial media və avtomatik tərcümə texnologiyaları da dilin inkişafına birbaşa təsir göstərir.

Dövlət Proqramı məhz bu reallığı nəzərə alaraq hazırlanmışdı. Məqsəd Azərbaycan dilinin yalnız ənənəvi istifadə sahələrində qorunması deyil, yeni texnoloji mühitdə də tamhüquqlu fəaliyyətinin təmin olunması idi.

Dil elmi, terminologiya və rəqəmsal resurslar

Dil siyasətinin institusional əsaslarının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun fəaliyyətinin müasirləşdirilməsi, yeni elmi istiqamətlərin yaradılması və fundamental dilçilik tədqiqatlarının genişləndirilməsi dövlət tərəfindən dəstəkləndi.

Azərbaycan dilinin tarixi, dialektologiyası, leksikologiyası, onomastikası və müasir inkişaf meylləri ilə bağlı araşdırmaların genişləndirilməsi bu sahədə elmi bazanın gücləndirilməsinə xidmət etdi.

Eyni zamanda, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının fəaliyyəti intensivləşdirildi. Müxtəlif elm və texnologiya sahələrində meydana çıxan yeni anlayışların Azərbaycan dilində vahid qarşılıqlarının hazırlanması, terminoloji lüğətlərin nəşri və dövlət qurumları arasında vahid terminoloji siyasətin formalaşdırılması istiqamətində ardıcıl iş aparıldı.

Bu fəaliyyət ilk baxışdan sırf filoloji məsələ kimi görünə bilər. Halbuki vahid terminologiya dövlət idarəçiliyində hüquqi dəqiqliyin, elmi kommunikasiyada ortaq anlayış sisteminin və informasiya mühitində aydın ünsiyyətin təmin edilməsində mühüm rol oynayır.

Xüsusilə süni intellekt, avtomatik tərcümə, elektron dövlət xidmətləri və rəqəmsal media texnologiyalarının sürətlə inkişaf etdiyi şəraitdə standart terminoloji bazanın formalaşdırılması strateji əhəmiyyət kəsb edir. Terminoloji qarışıqlıq yalnız dil problemi deyil, hüquqi və inzibati anlaşılmazlıqlara, elmi məlumatın yanlış təqdim olunmasına və ictimai kommunikasiyada qeyri-dəqiqliyə səbəb ola bilər.

Dövlət siyasətinin digər mühüm istiqamətlərindən biri Azərbaycan dilinin elektron resurslarının yaradılması oldu. Son illərdə elektron lüğətlərin hazırlanması, yeni orfoqrafiya lüğətlərinin nəşri, dil normalarının rəqəmsal platformalarda tətbiqinin genişləndirilməsi, Azərbaycan dilinin elektron korpuslarının hazırlanması istiqamətində mühüm layihələr həyata keçirildi.

Əsas məqsəd Azərbaycan dilinin rəqəmsal mühitdə tamhüquqlu fəaliyyətini təmin etmək idi. Çünki müasir dövrdə hər hansı dil rəqəmsal platformalarda kifayət qədər təmsil olunmadıqda, zamanla onun funksional imkanları da məhdudlaşır.

Dil internet axtarış sistemlərində, elektron kitabxanalarda, media platformalarında və süni intellekt modellərində zəif təmsil edilirsə, həmin dildə məlumat istehsalı və istehlakı da digər dillərdən asılı vəziyyətə düşür. Bu isə uzunmüddətli perspektivdə informasiya asılılığı yarada bilər.

Bu baxımdan Azərbaycan dilinin rəqəmsal inkişafı artıq yalnız mədəniyyət və dilçilik məsələsi deyil, milli təhlükəsizlik və informasiya suverenliyi məsələsi kimi qiymətləndirilməlidir.

Xarici sözlər və “damcı-damcı” aşınma təhlükəsi

Prezident İlham Əliyev son çıxışlarında Azərbaycan dilinin qarşılaşdığı əsas təhlükənin onun hüquqi statusunun itirilməsi deyil, gündəlik istifadə mühitində tədricən zəifləməsi olduğunu göstərir.

Dövlət başçısı vurğulayır: “Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr – onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir”.

Bu fikrin əsas məğzi xarici dillərə qarşı mübarizə deyil. Prezident İlham Əliyev çox dil bilməyin əhəmiyyətini qəbul edir və xarici dillərin öyrənilməsinə müsbət yanaşır. Lakin ana dilində qarşılığı olan sözlərin zərurət olmadan xarici ifadələrlə əvəz edilməsini dilin daxili imkanlarının zəiflədilməsi kimi qiymətləndirir.

Dövlət başçısı bildirir: “Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq”.

Bu yanaşma qloballaşma ilə milli kimlik arasında balans yaratmaq cəhdidir. Məqsəd cəmiyyətin qlobal informasiya və elm məkanına inteqrasiyasının qarşısını almaq deyil, həmin inteqrasiyanın ana dilinin hesabına baş verməsinə yol verməməkdir.

Prezidentin “Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş” fikri isə təhlükənin xarakterini daha dəqiq ifadə edir.

Burada işlədilən “damcı-damcı” ifadəsi xüsusi siyasi və sosial məna daşıyır. Dil bir anda yox olmur. Onun aşınması gündəlik danışıqda, media dilində, sosial şəbəkələrdə, reklam mətnlərində və ictimai ünsiyyətdə tədricən baş verir. İnsanlar bu prosesi dərhal hiss etməsələr də, zaman keçdikcə dilin ifadə imkanları və milli xüsusiyyətləri zəifləyə bilər.

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışında səsləndirdiyi “Əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir” fikri də dilə yad sözlərin süni şəkildə gətirilməsinə verilən prinsipial qiymətdir.

Burada “təxribat” anlayışının işlədilməsi dil məsələsinin artıq yalnız filoloji müstəvidə deyil, informasiya təhlükəsizliyi kontekstində də nəzərdən keçirildiyini göstərir. Dilə sistemli şəkildə yad konstruksiyaların daxil edilməsi cəmiyyətin düşüncə və ünsiyyət modellərinə təsir göstərir. Buna görə dilin saflığının qorunması milli informasiya məkanının müdafiəsi kimi də qiymətləndirilir.

Dil, milli kimlik və dövlətin davamlılığı

Prezident İlham Əliyevin dil siyasəti ilə bağlı çıxışlarının ən prinsipial məqamlarından biri dilin milli kimlik və dövlətçiliklə birbaşa əlaqələndirilməsidir.

Dövlət başçısı bildirir: “Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək”.

Bu fikir müasir Azərbaycan dil siyasətinin strateji məntiqini açıqlayır. Dilin qorunması yalnız söz ehtiyatının və qrammatik normaların saxlanılması deyil. Dil xalqın tarixi yaddaşını, ortaq dəyərlərini, dünyagörüşünü və siyasi birlik hissini qoruyan əsas mexanizmdir.

Dil zəiflədikdə yalnız ünsiyyət sistemi dəyişmir. Tarixi mətnlərlə əlaqə zəifləyir, milli ədəbiyyatın qavranılması çətinləşir, yeni nəsillərlə keçmiş arasında mədəni məsafə yaranır. Nəticədə xalqın öz tarixini və dövlətçilik təcrübəsini vahid şüur daxilində mənimsəməsi də çətinləşə bilər.

Prezidentin “Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər” fikri məhz bu təhlükəyə işarə edir.

Beləliklə, dövlətin dil siyasəti ədəbi norma və orfoqrafiya məsələlərinin fövqünə çıxır. Bu siyasət milli təhlükəsizliyin, dövlət davamlılığının və ictimai birliyin təmin olunmasına xidmət edən strateji mexanizmə çevrilir.

Dövlət başçısının bu məsələyə münasibəti həm də tarixi məsuliyyət anlayışına əsaslanır. Prezident bildirir: “Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün bu dilimizi qorumayaq?”

Bu sual müasir nəsillər qarşısında mənəvi və siyasi məsuliyyət qoyur. Əcdadların daha ağır şəraitdə qoruduğu dilin müstəqil dövlət şəraitində zəifləməsi tarixi baxımdan qəbuledilməz olardı. Buna görə ana dilinin qorunması təkcə dövlətin deyil, hər bir vətəndaşın üzərinə düşən məsuliyyət kimi təqdim edilir.

Böyük xalqın dili və heç bir dilin kölgəsində qalmamaq prinsipi

Azərbaycan dil siyasətinin mühüm ideoloji dayaqlarından biri dilin miqyası və daşıdığı tarixi-siyasi potensialla bağlıdır. Prezident İlham Əliyev dünyada 50 milyondan çox azərbaycanlının yaşadığını vurğulayaraq bildirir: “Bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz”.

Bu fikirdə Azərbaycan dilinə münasibətdə özünəinam və milli ləyaqət prinsipi ifadə olunur. Dilin qorunması müdafiəçi və qapalı mövqe kimi deyil, böyük xalqın öz mədəni imkanlarını dərk etməsi kimi təqdim edilir.

Azərbaycan dili zəngin söz ehtiyatına, geniş ifadə imkanlarına, çoxəsrlik poeziya və nəsr ənənəsinə malikdir. Prezidentin“Bizim dilimiz zəngindir, sən istənilən ifadəni deyə bilərsən, istənilən şeiri yaza bilərsən” fikri Azərbaycan dilinin daxili potensialının təsdiqidir.

Burada əsas mesaj ondan ibarətdir ki, müasir elm, texnologiya, siyasət və mədəniyyət haqqında Azərbaycan dilində dolğun və dəqiq danışmaq mümkündür. Problem dilin imkanlarının məhdudluğunda