Böyük Qayıdış proqramı çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti davam etdirilir. Mina təhlükəsilə mübarizə istiqamətində icra edilən fəsliyyətin gedişatı və ictimaiyyətin məlumatlandırılmasınln artırılması məqsədilə işğaldan azad olunmuş Ağdam rayonuna media-tur təşkil olunub.
APA xəbər verir ki, media-tur Fövqəladə Hallar Nazirliyi və ANAMA tərəfindən təşkil edilib.
FHN- nin Xüsusi Risqli Xilasetmə Xidmətinin şöbə rəisi Ələkbər Ələkbərov deyib ki, hazırda Ağdam rayonunda 37 min 154 hektar ərazi minalardan təmizlənib və 31 min 105 ədəd mina və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib.
Bildirilib ki, Vətən müharibəsi bitdikdən sonra, aidiyyatı qurumlarla yanaşı işğaldan azad edilmiş ərazilərdə minaların və partlamamış hərbi sursatların, eləcə də müharibənin partlayıcı qalıqlarının təmizlənməsi işlərində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi Təyinatlı Hərbi Hissəsi də fəaliyyət göstərməkdədir. Bu fəaliyyət zamanı heyətimiz yüksək səviyyədə kurs keçib. Prezident İlham Əliyevin tapşırığı nəticəsində təmizləmə fəaliyyətini səmərəli həyata keçirilməsi üçün, müasir avadanlıqla təchiz olunub. Ərazilərin təmizlənməsində mexaniki vasitələrdən də istifadə edilir".
Qeyd edək ki, Azərbaycan dünyada minalarla ən çox çirkləndirilmiş ölkələr sırasındadır. İlkin qiymətləndirmələrə görə Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyon mina basdırılıb.
2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-dək aparılan minatəmizləmə əməliyyatları nəticəsində işğaldan azad edilmiş 200 321 ha ərazi təmizlənib, ümumilikdə 196 056 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.
1991-ci ildən bugünədək 3400 nəfərdən çox minadan zərərçəkən qeydə alınıb. Onlardan 362 nəfəri azyaşlı və gənc, 38 nəfəri qadınlardır.