• 10 °C
|

Autizm, daun, serebral iflic diaqnozlu uşaqların reabilitasiyası üçün maliyyənin artırılması təklif edilib

16 Noyabr 2026
img

Autizm spektr pozuntusu, daun sindromu, serebral iflic diaqnozlu uşaqlara reabilitasiya dəstəyi üçün dövlət büdcəsindən ayrılan maliyyənin artırılması təklif edilib.

APA xəbər verir ki, belə təkliflə deputat Soltan Məmmədov bu gün Milli Məclisdə 2027-ci il büdcə zərfinin müzakirəsi zamanı çıxış edib.

Deputat deyib ki, 2027-ci il dövlət büdcəsində səhiyyə xərcləri 2 milyard manatdan çox olmaqla 2026-cı illə müqayisədə 3 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 63.4 faiz çoxdur: “Səhiyyə sahəsinə ayrılan vəsaitin əhəmiyyətli dərəcədə artırılması ölkəmizdə insan kapitalının inkişafına, əhalinin sağlamlığının qorunmasına, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş dövlət siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını nümayiş etdirir. Bu gün İcbari Tibbi Sığorta Fondunun gəlirlərinin davamlı olaraq artması icmal büdcədə səhiyyə xərclərinin davamlı artmasına təkan verəcək. Bu da öz növbəsində xidmətlər zərfinin genişlənməsinə səbəb olacaq. Səhiyyə sistemində son həyata keçirilən islahatlar heç şübhəsiz ki, öz müsbət nəticələrini verəcər.

2026-cı ildən etibarən səhiyyə sahəsində dövlət proqramlarının İcbari Tibbi Sığorta Fondu hesabına maliyyələşdirilməsini müsbət qiymətləndirir və dəstəkləyirəm. Eyni zamanda vurğulamaq istərdim ki, həssas qrup əhaliyə hədəflənmiş, davamlı xidmət təminatını tələb edən bu tədbirlərin uğurlu tətbiqinin monitorinqi də çox vacibdir. Eyni zamanda autizm spektr pozuntusu, daun sindromu, serebral iflic kimi neyroinkişaf fərqlilikləri, genetik anomaliyalar və beyin zədələnmələri diaqnozlu uşaqlara dövlətimiz tərəfindən reabilitasiya dəstəyi göstərilsə də, son illər bu cür uşaqların sayında artımın qeyd olunması bu dəstəyin genişləndirilməsi üçün əlavə maliyyə dəstəyinin göstərilməsinə ehtiyac yaradır”.