• 30 °C
|

Azərbaycanda sümük iliyi donor bankının yaradılması təklif olunub

19 İyun 2026
img

Azərbaycanda sümük iliyi donor bankının yaradılması təklif olunub.

APA xəbər verir ki, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Soltan Məmmədov çıxış edib.

Soltan Məmmədov qeyd edib ki, sosialyönümlü dövlət siyasətimizin prioritet istiqamətlərindən biri olan səhiyyə sahəsində icbari tibbi sığorta sisteminin uğurlu tətbiqi öz müsbət nəticələrini verməkdədir:

“Bu xüsusda bəzi məsələləri vurğulamaq istərdim. İcbari tibbi sığorta sistemi çərçivəsində xidmətlər zərfinin davamlı genişləndirilməsi, əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması və göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi mühüm məsələlərdir. Eyni zamanda, profilaktik tədbirlərin genişləndirilməsinə və ilkin səhiyyə xidmətləri sisteminin gücləndirilməsinə xüsusi önəm verilməlidir. Belə ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə, xüsusilə COVID-19 pandemiyasından sonra vurğuladığım hər iki istiqamət üzrə xərclərin əhəmiyyətli dərəcədə artdığı müşahidə olunub. Avropa regionu ölkələrində ilkin səhiyyə xidmətlərinə ayrılan xərclərin ümumi səhiyyə xərclərindəki payı orta hesabla 15-20 faiz, profilaktik tədbirlərə ayrılan vəsaitlərin payı isə 3-7 faiz təşkil edib. Profilaktik tədbirlərə və ilkin səhiyyə sisteminə ayrılan xərclərin artırılması ümumi səhiyyə xərclərinin optimallaşdırılmasına, səhiyyə sisteminin həddindən artıq yüklənməsinin qarşısının alınmasına xidmət edir. Bu baxımdan hesab edirəm ki, gələcəkdə bu istiqamətdə islahatların daha da dərinləşdirilməsinə ehtiyac var”.

Deputat diqqətə çatdırıb ki, təqdim olunan hesabatda 2025-ci ilin dövlət büdcəsinin səhiyyə xərcləri bölməsi üzrə sümük iliyi transplantasiyası əməliyyatlarının icrası üçün 5 milyon manat vəsaitin ayrılması çox təqdirəlayiq haldır:

“Bu gün irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün bu dəstəyə böyük ehtiyac var. Son illər sümük iliyi transplantasiyası əməliyyatlarının ölkə xaricində icra edilməsi ilə yanaşı, onların ölkə daxilində həyata keçirilməsi istiqamətində də bir sıra tədbirlər görülüb. Həm dövlət, həm də özəl tibb müəssisələrində bu əməliyyatların həyata keçirilməsi təqdirəlayiqdir. Bununla yanaşı, kadr potensialının genişləndirilməsinə, sümük iliyi donor bankının yaradılmasına və bu yolla ölkə daxilində həyata keçirilən əməliyyatların yalnız birinci dərəcəli qohum donorlarla məhdudlaşdırılmasının aradan qaldırılmasına ehtiyac var. Bundan başqa, səhiyyə sahəsində illər ərzində uğurla həyata keçirilən dövlət proqramlarının müsbət nəticələrini nəzərə alaraq, irsi və nadir uşaq xəstəliklərinin müalicəsi üçün əlavə maliyyə vəsaitlərinin ayrılması istiqamətində işlərin davam etdirilməsinin vacib olduğunu düşünürəm”.