
“Məktəblərdə vahid geyim formasının tətbiqi şagirdlər arasında sosial bərabərliyin təmin olunmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına xidmət edir”.
Bunu APA-ya açıqlamasında QHT.az platformasının rəhbəri Cəsarət Hüseynzadə bildirib.
O qeyd edib ki, son dövrlərdə məktəblərdə vahid geyim forması ilə bağlı aparılan müzakirələr təhsilin inkişafına dair daha vacib məsələləri arxa plana keçirir.
“Çox təəssüf edirəm ki, bu gün biz belə kiçik məsələləri müzakirə edirik. Əslində, diqqətimizi təhsilin daha da inkişaf etdirilməsinə yönəltməliyik. Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formasının tətbiqi ilə bağlı qərar qəbul edib. Bu təcrübə yalnız Azərbaycanda deyil, digər ölkələrin təhsil müəssisələrində də mövcuddur”, – deyə Cəsarət Hüseynzadə vurğulayıb.
Onun sözlərinə görə, vahid məktəbli formasının tətbiqi bir sıra müsbət məqamları özündə birləşdirir. Belə ki, eyni geyim formasından istifadə şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa və məktəb mühitində bərabərlik prinsipini gücləndirməyə xidmət edir.
Cəsarət Hüseynzadənin geniş çıxışını videodan da izləyə bilərsiniz: