• 7 °C
|

FHN Ağdamda minatəmizləmə əməliyyatları icra olunan ərazilərə media-tur təşkil edib – FOTO

17 Fevral 2026
img

Fövqəladə Hallar Nazirliyi (FHN) Ağdamda azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarının icrası ilə tanışlıq məqsədi ilə media-tur təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, media nümayəndələri FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin mina əleyhinə Xüsusi təyinatlı alayının Ağdamda minalı ərazilərdə apardığı minatəmizləmə işləri ilə tanış olub.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Pirotexniki və İstehkam Şöbəsinin rəisi Ələkbər Ələkbərov jurnalistlərə açqlamasında bildirib ki, təmizləmə işləri keçmiş qoşunların qarşıdurma xəttinin yaxınlığında aparılır.

"İşğaldan azad edilən ərazilərdə aparılan geniş miqyaslı bərpa və yenidənqurma işləri ilə yanaşı, minatəmizləmə fəaliyyəti də sürətlə davam etdirilməkdədir. Bu prosesdə digər dövlət orqanları ilə yanaşı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin mina əleyhinə Xüsusi təyinatlı alayının da qüvvə və vasitələri fəal şəkildə iştirak edir. Tapşırıqların icrasına cəlb edilən şəxsi heyət beynəlxalq səviyyəli təlimlərdə edərək müvafiq qaydada sertifikatla təmin ediliblər. Şəxsi heyət son müasir avadanlıqlarla təchiz olunduqdan sonra, təmizləmə sahəsinə buraxılır. Avadanlıqlar mütəmadi olaraq yeni nəsil avadanlıqlarla əvəzlənir. Xidmətimizə 4 ədəd GCS 200 mexaniki minatəmizləmə vasitəsi də verilib. Bu mexaniki minatəmizləmə vasitələri, minatəmizləmə işlərinin sürətləndirilməsində və ən başlıca təhlükəsizlik qaydalarının daha da artırılmasında böyük rol oynayır. Minatəmizləmə tapşırıqlarının icrası zamanı ən böyük köməklərin biri də minaaxtaran itlərin köməyidir".

Ə. Ələkbərov onu da qeyd edib ki, azad olunan ərazilərə səfər edənlər mina təhlükəsi ilə bağlı icazə olmayan və marşrutdan kənar ərazilərdə hərəkət etməməlidir.