• 7 °C
|

Gürcü qonaqpərvərliyinin sərtləşən üzü: Sadələşdirilmiş deportasiya, giriş qadağaları, iş icazəsi tələbi – ARAŞDIRMA

29 Yanvar 2026
img

Gürcüstan bu yaxınlara qədər miqrantlar üçün yaşayış və işləmək üçün ən yaxşı ölkələrdən biri hesab edilirdi. Ötən ilin oktyabrın 1-dən qonşu ölkədə miqrantlar özlərini artıq öz evlərindəki kimi hiss edə bilmirlər. Məhz həmin tarixdən Gürcüstanda qanuni əsaslarla olma və yaşama qaydalarını pozan əcnəbilərlə bağlı sərt qanunvericilik qüvvəyə minib. Yeni qaydalara əsasən, Gürcüstandan deportasiya sadələşdirilmiş prosedur üzrə həyata keçirilir, yüksək məbləğdə cərimələr tətbiq olunur.

Sərt qaydaları zəruri edən reallıqlar

Gürcüstan hakimiyyəti yeni sərt qaydaları əcnəbilərin xüsusən də Rusiya-Ukrayna müharibəsindən sonrakı böyük axını fonunda qəbul edib. Məqsəd qanunsuz miqrasiyaya nəzarəti gücləndirmək və sığınacağın verilməsi prosedurlarından sui-istifadə hallarının qarşısını almaqdan ibarət olub. 2024-cü ildən qaydaların sərtləşdirilməsinə siyasi çalar da qatıldı. Həmin ilin noyabrın sonundan başlayaraq Gürcüstanda hakimiyyət əleyhinə keçirilən etiraz aksiyalarında xarici ölkə vətəndaşlarının fəal iştirakı və hətta polis əməkdaşları ilə qarşıdurmalar yaratdıqları müşahidə edilirdi.

Rəsmi statistikaya nəzər salsaq, son illərdə Gürcüstanda əcnəbilərin ölkə əhalisinin sayına nisbətdə faiz göstəricisində artım tendensiyasını müşahidə edə bilərik. 2014-cü ildə Gürcüstanda əcnəbilərin sayı ölkə əhalisinin 1,78%-ni təşkil edirdisə, ötən ilin sonunda bu göstərici təqribən 6%-ə yüksəlib.

Miqrasiya siyasətinin ən sərt tədbiri: ölkəyə giriş qadağası

Əcnəbilər üçün Gürcüstandan deportasiya olunmanın ən ağır nəticəsi ölkəyə girişə qoyulan qadağadan ibarətdir. Qadağa 6 aydan 3 ilədək müddət ərzində tətbiq olunur. Müddət ölkədə qanuni qalmanın aşıldığı vaxta əsasən müəyyən edilir. Gürcüstanı könüllü tərk edənlər bu qadağa ilə üzləşmirlər. Ölkədə cinayət əməli törətmiş əcnəbilər də deportasiya olunurlar. Onların Gürcüstana girişinə cinayət əməlinin ağırlığından asılı olaraq 2 ildən 20 ilədək və yaxud ömürlük müddətə qadağa qoyulur.

Qeyd olunmalıdır ki, əvvəlki qanunvericilikdə əcnəbinin ölkədən çıxarılması nəzərdə tutulmurdu, yalnız cərimələr tətbiq edilirdi. Həmin cərimələrin məbləği 180 laridən 360 lariyə (114-228 AZN) qədər idisə, hazırda bu məbləğ 1 000-3 000 lari (632-1 896 AZN) arasında dəyişir.

Azərbaycan vətəndaşlarının deportasiya statistikası

Azərbaycan vətəndaşları da Gürcüstandan deportasiya edilən əcnəbilər arasında mütəmadi olaraq yer alsalar da, statistikaya əsasən faiz göstəricisi yüksək deyil. Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin ilk doqquz ayında qonşu ölkədən 19-u kişi, 8-i qadın olmaqla 27 nəfər Azərbaycan vətəndaşı çıxarılıb. Qonşu ölkədən qeyd olunan dövrdə ümumilikdə 851 nəfər əcnəbi deportasiya olunub. Vətəndaşlarımız onların yalnız 3,1%-ni təşkil edib. 2024-cü ildə isə Gürcüstandan 71 nəfər Azərbaycan vətəndaşı çıxarılıb ki, bu da deportasiya edilmiş əcnəbilərin 19,5%-i deməkdir.

Ötən ilin ilk 9 ayında qonşu ölkədə ən çox deportasiya ilə üzləşənlər Hindistan (166 nəfər/19,5%), İran (128 nəfər/15%) və Türkiyə (81 nəfər- 9,5%) vətəndaşları olublar.

2025-ci ilin üçüncü rübü (oktyabr-dekabr ayları) üzrə deportasiya statistikası hələ açıqlanmayıb. Göstəricilərin artacağı gözlənilir, çünki yuxarıda qeyd etdiyimiz kimi sadələşdirilmiş deportasiya proseduru ötən ilin oktyabrın 1-dən qüvvədədir.

Məlum olduğu kimi, vətəndaşlarımız Gürcüstanda vizasız bir il ərzində qalmaq hüququna malikdirlər. Müəyyən edilmiş müddət bitmək üzrə olduqda Gürcüstan ərazisini tərk etmək tələb olunur. Qonşu ölkədə bir ildən çox müddətdə olmağı və ya yaşamağı planlaşdıran Azərbaycan vətəndaşları mütləq yaşayış izni almalıdırlar. Vizasız qalma müddətinin uzadılmasını mümkün edən hal yalnız əcnəbinin sağlamlıq durumu ilə bağlı ola bilər. Xəstəlik səbəbindən Gürcüstanı tərk edə bilməyən əcnəbi viza müddətinin uzadılması üçün ölkənin Xarici İşlər Nazirliyinə müraciət etməlidir.

Bir məqam mütləq vurğulanmalıdır ki, Gürcüstanda yaşayan və çalışan Azərbaycan vətəndaşları 2020-ci ilədək ölkədə qalma müddətini uzatmaq üçün “visa-run” mexanizmindən istifadə edirdilər quru sərhədlə Azərbaycan ərazisinə keçib qısa müddətdən sonra Gürcüstana qayıtdıqda vizasız rejimin müddətini “sıfırlaya” bilirdilər. Lakin Azərbaycanın quru sərhədlərinin 2020-ci ilin martından koronavirus pandemiyası səbəbindən bağlı qalması bu mexanizmin istifadəsini mümkünsüz edir. Gürcüstandan digər qonşu ölkələrə Türkiyə və Rusiyaya keçib “visa-run”dan istifadə edən Azərbaycan vətəndaşlarının sayı o qədər də yüksək deyil. Əcnəbilər arasında mexanizm geniş istifadə edilsə də, son aylarda onun etibarsız olduğuna dair məlumatlar yayılmaqdadır.

Yaşayış və iş izni: Prosedur asan, tələblər çətin

Gürcüstanda müvəqqəti və daimi yaşayış icazəsinin alınması tələbləri də artıq əvvəlki kimi asan deyil. Bu izn iş fəaliyyəti, ailə ilə birləşmək, təhsil və yaxud daşınmaz əmlakın alınması əsasında təqdim olunur. Təhsil alanlar üçün müvəqqəti yaşayış icazəsinin alınması elə bir çətinlik yaratmır. Yaşayış izni ilə bağlı ərizələrin əksəriyyəti, xüsusən də fərdi sahibkarlıqla məşğul olan, daşınmaz əmlak əldə edən və yaxud ailə ilə qovuşmaq istəyən əcnəbilərin müraciətləri təmin olunur. Daşınmaz əmlak əsasında yaşayış icazəsnin rəsmiləşdirilməsi üçün obyektin minimal qiymət həddinin 100 min ABŞ dollarından 150 min ABŞ dollarına qədər artırılması təklif olunur.

Gürcüstanda bu ilin martın 1-dən qüvvəyə minəcək “Əmək miqrasiyası” qanununa dəyişikliklərə əsasən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər mütləq iş icazəsini əldə etməli olacaqlar. Qonşu ölkədə qanunsuz əmək miqrantlarının sayının 200 minə çatdığı bildirilir, rəsmi qeydiyyatda olanların sayı isə 40 mindən çoxdur. Məhz bu göstəricilər bir sıra normativ aktlara yenidən baxılmanı və əmək bazarına nəzarəti sərtləşdirməyi zəruri edib.

İş icazəsinin olmaması həm işçi, həm də işəgötürənin 2 min lari məbləğində cərimələnməsinə əsas sayılacaq. İcazəsiz işləyən özünüməşğul əcnəbilər üçün də eyni məbləğdə cərimənin tətbiqi nəzərdə tutulub. Qayda pozuntusuna təkrar yol verildiyi halda cərimələrin məbləği ikiqat və yaxud üçqat artırılacaq.

İş icazəsini alandan sonra əcnəbi 10 gündən gec olmayaraq Gürcüstanda iş əsasında yaşayış icazəsi üçün müraciət etməli olacaq. Bu izn 6 aydan əmək müqaviləsinin başa çatması müddətinədək veriləcək. Müqavilənin müddəti bitdikdən sonra yaşayış icazəsi ləğv ediləcək və əcnəbi Gürcüstanı tərk etməli olacaq.

Qaydalar sadə görünə bilər, lakin iş icazəsinin alınması zamanı əsas olan nəzərə alınan faktlardır – aylıq gəlir Gürcüstandakı yaşayış minimumunu 5 dəfə üstələməli, şirkətin dövriyyəsi isə işə götürülmüş hər əcnəbi üçün 50 min laridən az olmamalıdır. İcazənin verilməsindən imtina səbəbləri də müəyyən edilib. Xarici ölkə vətəndaşının peşəsi, ixtisası və yaxud da vəzifəsi Gürcüstan əmək bazarının tələb və ehtiyaclarına uyğun gəlmirsə, icazə üçün müraciət təmin edilməyəcək. Bundan başqa, əcnəbinin peşəsi xüsusi siyahıda yer almamalıdır. Həmin siyahıya əcnəbilərin işə qəbulunu qadağan edən işçi qüvvəsinin tələbi üstələdiyi peşələr daxil edilib.

İş icazəsi üzrə təqdim olunan bütün sənədlərin yerində və səhvsiz olması tələb olunacaq. Hər hansı bir sənədin çatışmayacağı halda belə imtina cavabı alınacaq.

Əcnəbilərin deportasiyası üzrə rekord

Qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi təşəbbüsü Gürcüstanın Daxili İşlər Nazirliyinə məxsus olub. Qanunvericiliyə dəyişikliklər üzrə təkliflər paketinin hazılanmasında müxtəlif ölkələrdə bu sahədə həyata keçirilən müasir yanaşma və konkret tədbirlər öyrənilib.

Qurumun məlumatına əsasən, ölkədə miqrantların vahid qeydiyyat sistemi mövcud deyil və qanunsuz miqrantların sayı 25 min və ya daha da çox təşkil edir. Miqrasiya ilə bağlı bütün hüquqi mexanizmlərin təkmilləşdirilməsi Gürcüstanda miqrasiya prosesinə effektiv dövlət nəzarətinin həyata keçirilməsinə, ölkədə qalma müddətini süni şəkildə uzadanlara sərt nəzarətə imkan verəcək.

Gürcüstan hökumətinin məlumatına əsasən, ötən ilin 11 ayında Gürcüstandan 1 131 nəfər əcnəbi deportasiya edilib. Bu göstərici son üç ilin ümumi göstəricisini əhəmiyyətli dərəcədə üstələyir. Təkcə 2024-cü ildə 363 nəfər əcnəbi deportasiya ilə üzləşib. Bu ilin yanvarın 1-dən qonşu ölkədən artıq aralarında Azərbaycan vətəndaşlarının da olduğu 179 nəfər xarici vətəndaş çıxarılıb.

2026-cı il ərzində Gürcüstandan ən azı 3 500 nəfər qeyri-qanuni miqrantın deportasiyası planlaşdırılıb. Gürcüstanın Daxili İşlər Nazirliyinin proqnozuna əsasən, 3-4 ildən sonra ölkədə qanunsuz miqrasiya ilə bağlı problem tam aradan qaldırılacaq.

İşçi qüvvəsinin azalacağı gözlənilir

Gürcüstanda əcnəbilərlə bağlı daha bir qadağa təhsil sektoru ilə bağlıdır. Builki tədris ilindən qonşu ölkənin dövlət ali məktəblərinə əcnəbilərin qəbulu dayandırılıb. Qərar üçün əsas dövlət universitetlərində əcnəbi tələbələrin sayının təhsil alanların ümumi sayının təqribən yarısını təşkil etməsi olub. Gürcüstan hökuməti artıq əcnəbilərə deyil, ölkə vətəndaşlarına keyfiyyətli ali təhsilin verilməsini əsas prioritet kimi müəyyənləşdirib.

Gürcüstan hakimiyyəti sərt miqrasiya siyasətini ölkənin milli maraqlarının müdafiəsi ilə əsaslandırır və gələcəkdə bu yanaşmanın yumşaldılacağı deyil, davam etdiriləcəyi gözlənilir. Sərtləşən siyasətin ilk nəticələrinin özünü əmək bazarında büruzə verəcəyi proqnozlaşdırılır. Gürcüstanda xarici vətəndaşlar əsasən xidmət sahəsində çalışırlar. Yerli iqtisadçıların sözlərinə görə, miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilk növbədə kadr defisitinin yaşandığı restoran və mehmanxana sektorunda işçi qüvvəsinin azalmasına gətirib çıxaracaq.

Gürcü qonaqpərvərliyinin sərtləşən üzünün ölkənin sosial və iqtisadi sahələri üçün hansı digər fəsadlarla nəticələnəcəyini isə zaman göstərəcək.