• 25 °C
|

Naxçıvanda fövqəladə hadisələrlə bağlı qərargah məşqi keçirilib

1 Sentyabr 2026
img

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Nazirliyin aparatının və struktur qurumlarının idarə edilməsi üzrə əməliyyat qruplarının və qərargahların işinin təşkili” mövzusunda birgə qərargah məşqi keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, plana uyğun olaraq öncə əməliyyat qruplarına müvafiq tapşırıqlar verilib və şərti baş verən fövqəladə rayonlara cəlb edilib.

Nazirliyin aparatı və struktur qurumları ilə birgə keçirilən qərargah məşqinin əsas məqsədi baş verə biləcək irimiqyaslı fövqəladə hadisələr zamanı ərazidə yerləşən qüvvə və vasitələrin real imkanlarının müəyyən edilməsi, onların hazırlıq səviyyəsi, qarşılıqlı fəaliyyət və idarəetmə sisteminin, baş verə biləcək fövqəladə halların qarşısının alınması və insanların təxliyəsinin təşkilinin təkmilləşdirilməsi olub.

Məşq zamanı ərazilərdə baş verən şərti fövqəladə hadisə nəticəsində yaranan şərait, cəlb olunan qüvvə və vasitələr barədə qərargaha əməliyyat məlumatları çatdırılıb. Şərti olaraq fövqəladə hal baş verən ərazilərdəki və obyektlərdəki ümumi vəziyyət öyrənilib, kəşfiyyat məlumatları toplanılıb, təhlili və vəziyyətin qiymətləndirilməsi aparılıb. Həmçinin, keçirilən məşqdə yanğınların söndürülməsi, xilasetmə işlərinin aparılması, əhalinin köçürülməsi, zərərçəkmiş insanların həyat təminatının bərpası və digər zəruri məsələlərlə bağlı simulyasiya xarakterli tədbirlər görülüb.

Aparılan işlər barədə 7 qərargahdan ibarət əməliyyat qruplarından verilən məlumatlar ümumiləşdirilib və qurum rəhbərlərinin məruzələri dinlənilib.

Məşqin sonunda nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib, suallar cavablandırılıb.