
“Mən orta məktəblərdə şagirdlərin dərsə vahid məktəbli geyiminə uyğun olmayan tərzdə gəlməsinin qəti şəkildə əleyhinəyəm”.
Bunu APA-ya açıqlamasında Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev deyib.
Onun sözlərinə görə, məktəb yaşlı uşaqlar hələ dünyanı və dini məsələləri tam dərk etmirlər.
“Uşaqlar valideynlərin diqtəsi ilə yox, qəbul edilmiş forma ilə tədris prosesində iştirak etməlidir. Hesab edirəm ki, bütün şagirdlər məktəbə eyni formada gəlməlidirlər. Universitetlərdə isə vəziyyət fərqlidir. Həmin yaşda artıq insanın öz düşüncəsi və seçim etmək imkanı olur”.
Qəzənfər Paşayev dünya praktikasında bu təcrübənin özünü doğrultduğunu deyib: “Şagirdlərin eyni formada olması İngiltərədə, ümumiyyətlə bir çox ölkələrdə əsrlər əvvəl tətbiq edilib və təcrübə özünü doğruldub. Bunun Azərbaycanda tətbiqi zəruri idi. Çox gözəl addımdır və təqdirəlayiqdir”.