• 11 °C
|

Tərtərdə şəhid ailələrinə və əlilliyi olan şəxslərə daha 25 mənzil verilib

18 Mart 2026
img

Şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı tədbirlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər rayonunda da bu kateqoriyaya aid vətəndaşlara 25 mənzil təqdim edilib.

Bu barədə APA-ya ƏƏSMN-dən məlumat verilib.

Tərtərdə yeni inşa olunmuş yaşayış binasından mənzillərin təqdim edilməsi tədbirində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Nihad Muxtarlı şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstək tədbirləri ilə əhatə olunduqlarını vurğulayıb.

Qeyd edilib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər əldə etdiyi Vətən müharibəsindən sonra dövlətimizin başçısının göstərişi ilə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Müharibədən sonrakı dövrdə onlara 7300-ə yaxın, ümumilikdə isə ötən illər ərzində 16 mindən çox mənzil və fərdi ev təqdim edilib.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin artırılması, onların digər dəstək tədbirləri ilə əhatə olunması sahəsində aparılan işlərdən bəhs olunub.

Yeni mənzillə təmin olunan vətəndaşlar onların sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərə, bu gün yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.