• 20 °C
|

Xankəndidə Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

17 İyun 2025
img

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Xankəndi şəhərində keçirilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Xankəndi şəhərinə səfər çərçivəsində, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri ANAMA tərəfindən Ağdam rayonunun Sarıcalı kəndi ərazisində və Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonun Əlimədətli kəndində icra edilən humanitar minatəmizləmə fəaliyyəti ilə tanış olublar. İşçi qrup üzvləri həyata keçirilən layihələrin gedişatını, o cümlədən aşkar olunan mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.

Daha sonra İşçi qrupun Xankəndi şəhərində geniş tərkibdə iclası keçirilib.

Agentliyin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov iclasda çıxış edərək illik tədbirlər planına əsasən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatlarının gedişatı barədə məlumat verib. O bildirib ki, minatəmizləmə əməliyyatları Böyük Qayıdış proqramının əsas tərkib hissələrindən biridir və bu fəaliyyət yalnız təhlükəsizlik baxımından deyil, həm də sosial-iqtisadi inkişaf və əhalinin doğma yurdlarına qayıdışı üçün ilkin şərtdir. İdarə Heyətinin sədri qeyd edib ki, minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən 2025-ci il ərzində yaşayış infrastrukturu üzrə 8 318 hektar, kənd təsərrüfatı üzrə 9 176 hektar, ekoloji qiymətləndirmə üzrə 1 951 hektar, nəqliyyat infrastrukturu üzrə 708 hektar, meliorasiya və su təsərrüfatı üzrə 628 hektar və digər prioritet layihələr daxil olmaqla cari il ərzində 27 204 hektar ərazi mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənib.

İclasda çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov ölkə rəhbərinin azad edilmiş ərazilərin yenidən qurulması, Böyük Qayıdış proqramının uğurlu icrası, təhlükəsiz və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətindəki tapşırıqlarına uyğun olaraq aparılan mühüm işlər və gələcək layihələr barədə məlumat verib.

İclasda bərpa-quruculuq layihələri ilə əlaqəli şəkildə icra edilən humanitar minatəmizləmə fəaliyyəti istiqamətində layihələrin icrası və cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyinə cəlb olunmuş qurumlar tərəfindən icra edilən fəaliyyət üzrə hesabatlar dinlənilib, əməliyyatlara cəlb olunmuş texnika və avadanlıqlar barədə məlumat verilib.

İşğaldan azad edilmiş ərazilərə çox sayda keçmiş məcburi köçkünlərin geri qayıdışını, habelə turist səfərlərinin artımını nəzərə alaraq aidiyyəti qurumlarla birgə mina təhlükəsinə dair maarifləndirmə fəaliyyətinin, müştərək təbliğat-təşviqat işlərinin genişləndirilməsi, mümkün layihələrin icrası istiqamətində fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.