• 26 °C
|

Xocavəndin Quzeyxırman kəndinə köçən sakin: Buranın havası, təbiəti insana zövq verir

29 İyul 2026
img

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər yeni həyata başlayırlar. Dövlət tərəfindən yenidən qurulan yaşayış məntəqələrində məskunlaşan sakinlər uzun illərdən sonra öz doğma torpaqlarında yaşamağın sevincini yaşayır, kəndlərdə həyat tədricən öz axarına düşür.

Xocavəndin Quzeyxırman kənd sakini Ziyafət Gözəlov APA-nın Qarabağ bürosuna bildirib ki, doğma yurda qayıtmaq ailəsi üçün ən yaddaqalan hadisələrdən biridir.

Onun sözlərinə görə, kənddə məskunlaşdıqdan sonra övladını da məhz Qarabağdan həqiqi hərbi xidmətə yola salıb:

"Çox şükür ki, bu gün doğma yurdumuza qayıtmışıq. Bu, bizim üçün unudulmaz və çox sevincli gündür. Mən bu kənddən 6-cı sinif şagirdi olarkən ayrılmışdım. İndi isə ailə başçısı kimi yenidən öz torpağıma qayıtmışam. Buranın təmiz havası, saf suyu və yaşıllığı insana xüsusi zövq verir".

Onun həyat yoldaşı, Bakı şəhərində anadan olan, ixtisasca müəllim Elnurə Gözəlova isə bildirib ki, ailə qurduqları ilk gündən həyat yoldaşının doğulduğu Qarabağa qayıdacaqları günü səbirsizliklə gözləyib.
Elnurə Gözəlova deyib ki, həyat yoldaşının illərlə danışdığı doğma yurdu ilk dəfə gördükdə onda xoş təəssürat yaranıb.

"Ailə qurandan sonra yoldaşım doğulduğu rayon haqqında xatirələrini mənimlə bölüşürdü. Mən bu torpaqları heç vaxt görməmişdim. Şükür ki, bu gün burada yaşayırıq. Rayonun təbiəti, havası, suyu və yaradılan şərait gözlədiyimdən də gözəldir. Artıq bir neçə gündür burada yaşayırıq və hər şeydən razıyıq".