• 26 °C
|

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Qarabağı beynəlxalq turizm xəritəsində mühüm bir məkana çevirir

12 May 2025
img

“Azad olunmuş torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri bölgəni yalnız yenidən canlandırmır, eyni zamanda Qarabağı beynəlxalq turizm xəritəsində mühüm bir məkana çevirir. Prezident İlham Əliyevin Ağdam Muğam Mərkəzinin açılışında səsləndirdiyi fikirlər bu istiqamətdə atılan ardıcıl addımları bir daha təsdiqlədi. Dövlətimizin başçısının bildirdiyinə görə, Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində artıq işlər aparılır. Bu layihə, bölgənin nəqliyyat sistemində innovativ həllərin tətbiqinə nümunə olmaqla yanaşı, həm də Qarabağın turizm cazibəsini artıracaq mühüm elementlərdən biridir. Eləcə də Laçın və Kəlbəcərdə planlaşdırılan kanat yolları bölgənin relyefinə uyğun müasir və ekoloji nəqliyyat vasitələri kimi nəzərdə tutulur”.

Bunu mediaplus.az saytına açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

“Bununla yanaşı, Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının istifadəyə verilməsi, Şuşaya, Ağdama və digər istiqamətlərə çəkilən yeni magistral yollar, turistlər üçün otellərin və müasir istirahət komplekslərinin inşası, dəmir yolları, Qarabağda keçirilən beynəlxalq tədbirlər və konfranslar regionu həm yerli, həm də xarici turistlər üçün əlçatan və cazibədar bir məkan halına gətirir. Onu da qeyd etmək lazımdır ki, turizm sektorunun inkişafı, minlərlə yeni iş yerinin yaradılması və bölgənin iqtisadi həyatına təkan verəcək strateji yanaşmanın təcəssümüdür.

Qarabağda aparılan bu inkişaf prosesi yalnız fiziki quruculuqla məhdudlaşmır, eyni zamanda insan kapitalının formalaşdırılması baxımından da əhəmiyyətlidir. Bu gün Qarabağ Universitetində Turizm üzrə təhsil alan gənclər bölgənin gələcək turizm mütəxəssisləri, menecerləri, bələdçiləri və sahibkarları olacaq. Onlar yalnız nəzəri biliklərlə deyil, doğma torpaqlarında real layihələrlə iç-içə təhsil alaraq, Qarabağın turizm imkanlarını təmsil edən əsas qüvvəyə çevriləcəklər.

Peşə təhsilinin rolunu da burada xüsusi qeyd etmək istərdim. Regionda fəaliyyət göstərən turizm və qonaqpərvərlik müəssisələri üçün ixtisaslı kadrların hazırlanması – aşpazlar, xidmət personalı, texniki mütəxəssislər – turizm sənayesinin dayanıqlı inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

Əminəm ki, görülən işlər, planlaşdırılan layihələr və turizm baxımından ortaya qoyulan baxış gələcəkdə Qarabağı nəinki Azərbaycanın, eləcə də regionun aparıcı turizm mərkəzlərindən birinə çevirəcək”.