
“Müasir dünyada münaqişələrin başa çatdırılması və əldə olunan sülhün qorunması beynəlxalq siyasətin ən mürəkkəb məsələlərindən biri olaraq qalır. Müharibələrin coğrafiyası genişləndikcə, qarşıdurmaların yaratdığı humanitar fəsadlar dərinləşdikcə, sülhə nail olmağın yolları barədə yeni yanaşmalara ehtiyac artır. Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin bu mövzuya xüsusi diqqət ayırması Azərbaycanın dialoq təşəbbüslərinin təşkilatçısı yanaşı həm də münaqişənin həlli sahəsində öz təcrübəsini bölüşə bilən dövlət olduğunu nümayiş etdirir. Dövlət başçısının çıxışında Azərbaycanın keçdiyi yolun əsas mərhələləri xatırladılaraq mühüm bir məqam vurğulanıb: uzunmüddətli danışıqlar nəticə vermədikdə və münaqişənin həlli faktiki olaraq dalana dirəndikdə, yaranmış vəziyyətlə barışmaq xalqın və dövlətin qarşısında yeganə seçim kimi qala bilməz. Azərbaycan uzun illər ərazi bütövlüyünün bərpası üçün danışıqlarda iştirak edib, beynəlxalq vasitəçilik səylərinə ümid bəsləyib. Lakin Ermənistanın işğalı altında qalan torpaqların azad olunması istiqamətində real irəliləyiş əldə edilmədi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrinin uzun müddət icra edilməməsi beynəlxalq qərarların kağız üzərində qalmasının nə qədər ciddi problem olduğunu göstərdi. Nəticədə Azərbaycan beynəlxalq hüquqla təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi təcrübə bir daha göstərdi ki, sülhə nail olmaq üçün yalnız bəyanatlar və danışıqlar deyil, ədalətin təmin olunması, hüquqi normalara hörmət və qəbul edilən qərarların icrası da vacibdir.”
Bunları mətbuata açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Parlament üzvü bildirib ki, Azərbaycanın təcrübəsini fərqləndirən cəhətlərdən biri hərbi Qələbədən sonra qarşıdurmanı davam etdirmək deyil, sülhə yol açmaq istiqamətində siyasi iradə nümayiş etdirməsidir:“Prezident İlham Əliyev çıxışında Azərbaycanın Ermənistanla sülh sazişinin təşəbbüskarı olduğunu xüsusi vurğulayıb. 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatması və 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası regionda yeni reallıq yaratdı. Bunun ardınca sülh gündəliyinin irəli sürülməsi isə Azərbaycanın gələcəyə yönəlmiş yanaşmasını ortaya qoydu. Dövlət başçısının fikrincə, müharibədə qələbə qazanmaq çətin olduğu kimi, müharibəni bitirmək də böyük məsuliyyət tələb edir. Əgər tərəflər keçmişin ağrılarından və qarşılıqlı ittihamlardan kənara çıxa bilməsələr, hər bir yeni nəsil əvvəlki qarşıdurmanın yükünü daşımaq məcburiyyətində qalacaq. Bu isə regionun inkişaf imkanlarını məhdudlaşdırar, iqtisadi əlaqələrin qurulmasına və xalqlar arasında etimadın yaranmasına mane olar. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, ədalətin bərpası gələcəkdə yeni müharibələrə zəmin yaratmamalı, əksinə, davamlı sülhün əsasına çevrilməlidir. Ötən ilin avqustunda Vaşinqtonda sülh sazişi layihəsinin paraflanması və üçtərəfli Bəyannamənin imzalanması bu istiqamətdə mühüm siyasi mərhələ oldu. Beləliklə, Cənubi Qafqazda uzun illər davam etmiş münaqişənin aradan qaldırılması üçün yeni imkanlar yarandı. Azərbaycanın yanaşması göstərir ki, qətiyyətli mövqe ilə sülh təşəbbüsü bir-birinə zidd deyil. Əksinə, suverenliyin və milli maraqların təmin olunması regionda daha sabit münasibətlərin qurulmasına əlverişli zəmin yarada bilər. Əsas məsələ yaranmış imkanlardan istifadə edərək qarşıdurma məntiqini əməkdaşlıq məntiqi ilə əvəzləməkdir.”
Sonda deputat bu təcrübənin beynəlxalq əhəmiyyətinin onun yalnız Cənubi Qafqazla məhdudlaşmamasında olduğunu diqqətə çatdırıb:“Prezident İlham Əliyev müxtəlif münaqişələrin özünəməxsus səbəbləri olduğunu qəbul etməklə yanaşı, onların kökündə təcavüz, həddindən artıq ambisiyalar və törədilən əməllərə görə məsuliyyət daşımayacağına inam kimi amillərin dayandığını bildirib. Bu yanaşma sülhün təmin olunması üçün beynəlxalq sistemdə məsuliyyət prinsipinin gücləndirilməsinin vacibliyini önə çəkir. Əgər beynəlxalq hüquq hamı üçün eyni qaydada tətbiq edilmirsə, qəbul olunan qərarların icrası siyasi maraqlardan asılı vəziyyətə düşürsə, münaqişələrin uzanması və yeni qarşıdurmaların yaranması riski artır. Azərbaycanın işğal dövründə üzləşdiyi ikili standartlar problemi də bu baxımdan ciddi nəticələr çıxarmağa əsas verir. Dövlət başçısı beynəlxalq təşkilatların qərarlarının icra mexanizmlərinin təkmilləşdirilməsini vacib məsələlərdən biri kimi göstərib. Bu, yalnız Azərbaycanın maraqları ilə bağlı deyil, beynəlxalq münasibətlər sisteminə inamın qorunması baxımından da əhəmiyyətlidir. Bakı Forumunun əsas ideyası olan mədəniyyətlərarası dialoq məhz belə bir şəraitdə daha geniş məna qazanır: qarşılıqlı anlaşma hüquqa hörmətlə, dialoq isə məsuliyyətli davranışla tamamlanmalıdır. Azərbaycanın müharibədən sonra sülh təklif etməsi və regional əməkdaşlığa üstünlük verməsi göstərir ki, tarixi ədalətin bərpası gələcək nəsillər üçün təhlükəsiz mühit yaratmaq məqsədinə xidmət edə bilər. Münaqişələrə son qoymaq istəyən tərəflər üçün əsas budur: davamlı sülh qarşıdurmanın dayanması ilə yanaşı, onun yenidən başlanmasının səbəblərinin aradan qaldırılmasıdır. Bu məqsədə çatmaq üçün beynəlxalq hüquq, siyasi iradə və dialoq bir-birini tamamlamalıdır” – deyə, Göydəniz Qəhrəmanov açıqlamasını sona çatdırıb.