• 28 °C
|

GÖYDƏNİZ QƏHRƏMANOV: “Azərbaycan və Özbəkistan arasında birgə istehsal imkanları genişlənir”

22 Avqust 2026
img

“Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərdə son illərin ən diqqətçəkən cəhətlərindən biri də siyasi yaxınlığın konkret iqtisadi nəticələrə çevrilməsidir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində təqdim etdiyi mənzərə göstərir ki, iki ölkə arasında formalaşan müttəfiqlik artıq konkret sərmayələr, istehsal layihələri və artan ticarət əlaqələri ilə möhkəmlənir. 2025-ci ildə Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollara çatması əməkdaşlığın potensialını aydın göstərir. Bu artım təsadüfi göstərici kimi qiymətləndirilə bilməz. Qarşılıqlı səfərlər, hökumətlərarası təmaslar və biznes dairələri arasında əlaqələrin genişlənməsi üçün yaradılan əlverişli mühit iqtisadi münasibətlərin daha sürətli inkişafına şərait yaradır. Əsas məsələ isə əldə olunmuş nəticəni qorumaqla kifayətlənməmək, onu daha yüksək göstəricilərə çatdırmaqdır. Bu baxımdan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması mühüm addımdır.”

Millət vəkili Göydəniz Qəhrəmanov mətbuata açıqlamasında belə deyib.

Deputat 500 milyon dollar ümumi kapitalla fəaliyyət göstərən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətininiki ölkənin biznes imkanlarını bir araya gətirərək perspektivli layihələrə investisiya qoyuluşunu stimullaşdırdığını vurğulayıb: “Belə bir platformanın mövcudluğu iqtisadi münasibətlərin uzunmüddətli xarakter daşıdığını göstərir. Əlbəttə ki, birgə istehsal layihələri əməkdaşlığın daha bir mühüm istiqamətidir. Avtomobil sənayesində həyata keçirilən layihələr, o cümlədən “Chevrolet” və “Isuzu” markaları üzrə istehsal əməkdaşlığı iqtisadi əlaqələrin yalnız ticarət əməliyyatları ilə məhdudlaşmadığını nümayiş etdirir. Birgə müəssisələrin yaradılması həm yerli istehsal imkanlarının genişlənməsinə, həm də texnologiya və təcrübə mübadiləsinə imkan verir. Energetika, kənd təsərrüfatı, tekstil və digər sahələrdə əməkdaşlıq üçün də geniş perspektivlər mövcuddur. Azərbaycan və Özbəkistanın ayrı-ayrı iqtisadi üstünlüklərinin birləşdirilməsi yeni dəyər zəncirlərinin formalaşmasına şərait yarada bilər. Bu isə qarşılıqlı ticarətin həcminin artması ilə yanaşı, iqtisadi münasibətlərin daha da güclənməsi deməkdir.”

Daha sonra millət vəkili işğaldan azad edilmiş ərazilərin bərpasında Özbəkistanın iştirakının iqtisadi əməkdaşlığa xüsusi məna verdiyini diqqət mərkəzinə çəkib: “Füzulidə yaradılan “Dostluq bağı” və Mirzə Uluqbəy adına məktəb qardaş ölkənin Azərbaycanın Böyük Qayıdış prosesinə verdiyi dəstəyin nümunələridir. Burada iqtisadi və humanitar istiqamətlər bir-birini tamamlayır, dövlətlər arasında münasibətlər insanların gündəlik həyatına toxunan layihələr vasitəsilə daha da möhkəmlənir. İqtisadi əlaqələrin inkişafında nəqliyyat amili də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın tranzit imkanları ilə Özbəkistanın Mərkəzi Asiyadakı mövqeyinin uzlaşdırılması Orta Dəhliz boyunca yeni imkanlar yaradır. Yüklərin daha sürətli və təhlükəsiz daşınması üçün bağlantıların inkişafı hər iki ölkənin ticarət və investisiya potensialını artırmaqla yanaşı, onları daha geniş regional iqtisadi proseslərin fəal iştirakçılarına çevirir. Beləliklə, Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığının qarşısında kifayət qədər geniş imkanlar var. Siyasi etimadın mövcudluğu, investisiya mexanizmləri, birgə istehsal təcrübəsi və nəqliyyat əlaqələrinin genişlənməsi bu potensialın reallaşdırılması üçün möhkəm baza yaradır. Prezident İlham Əliyevin müsahibəsi də göstərir ki, Bakı ilə Daşkənd arasında qardaşlıq münasibətləri yalnız mənəvi yaxınlıq ifadəsi deyil, hər iki ölkənin iqtisadi inkişafına real töhfə verən strateji üstünlükdür” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini başa çatdırıb.