
“Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin bugünkü səviyyəsini dəyərləndirməklə yanaşı, Özbəkistanın son illərdəkeçdiyi inkişaf yolunu da diqqət mərkəzinə çəkdi. Qeyd olundu ki, bu yüksəliş ölkənin iqtisadi və sosial həyatında, eləcə də beynəlxalq mövqeyində özünü göstərən dəyişikliklərin nəticəsidir. Prezident İlham Əliyev Daşkəndə hər səfərində sürətli inkişafın şahidi olduğunu bildirdi. Böyük layihələrdən tutmuş detallara qədər müşahidə olunan bu inkişaf Özbəkistanda islahatların sistemli xarakter daşıdığını göstərir. Bu uğurlar Prezident Şavkat Mirziyoyevin ölkənin potensialını gücləndirməyə, beynəlxalq mövqeyini möhkəmləndirməyə və mühüm sosial-iqtisadi məsələləri həll etməyə yönəlmiş fəaliyyətinin nəticəsidir. İnkişaf üçün iqtisadi əsasların formalaşdırılması, iqtisadiyyatın və sənayenin şaxələndirilməsi, kənd təsərrüfatının inkişafı və investisiyaların cəlb edilməsi böyük səylər tələb edirdi. Bu gün isə dünya birliyinin böyük hörmət bəslədiyi, sənaye, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturu üzrə məsələləri operativ həll edən Özbəkistan var.”
Bu fikirlər millət vəkili Göydəniz Qəhrəmanovun mətbuata açıqlamasında yer alıb.
Deputat qeyd edib ki, Özbəkistanın sürətli inkişafı ölkələrimizin münasibətlərinə də birbaşa təsir göstərir:“Prezident İlham Əliyevin vurğuladığı kimi, iki ölkə arasında ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması artıq uzaq xəyal deyil. Dövlətimizin başçısı bu nəticəyə bir neçə ildən sonra çatacağımıza inam ifadə etdi. Şavkat Mirziyoyevdən əvvəl ölkələr arasında heç bir birgə layihə yox idi. Bu gün isə qarşılıqlı investisiyalar və yeni layihələr həmin hədəfi real perspektivə çevirib. Bu paralel inkişaf daha geniş geosiyasətin mühüm amilidir. Cənab Prezident Mərkəzi Asiya və Azərbaycanın böyük potensiala və inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi region olduğunu vurğuladı. Artıq inteqrasiya olunmuş bu məkanın ümumi müsbət dinamikasında Azərbaycan və Özbəkistanın sıx əlaqələri mühüm rol oynayır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra coğrafiyanın genişlənməsi də bunun göstəricisidir. İkitərəfli iqtisadi əməkdaşlıq bütün əsas sahələri əhatə edir. Enerji, nəqliyyat, investisiya, turizm, dağ-mədən, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorunda layihələr münasibətlərin çoxşaxəliliyini göstərir. Bankçılıq sahəsində əməkdaşlıq, aparıcı Azərbaycan bankının Özbəkistan bazarına, SOCAR-ın isə pərakəndə satış bazarına daxil olması yeni imkanlar açır. Neft və qaz kəşfiyyatı layihələrində son mərhələyə yaxınlaşılması və gələn il istismar quyularının qazılmasına başlanmasına ümid də perspektivləri artırır.”
Daha sonra millət vəkili münasibətlərin mühüm üstünlüyünün onların həm mənəvi, həm də maddi təməl üzərində qurulması olduğunu diqqətə çatdırıb: “Prezident İlham Əliyev belə sintezə dünya siyasətində nadir hallarda rast gəlindiyini vurğuladı. Hər iki ölkə hökumətinin inkişaf, daha yaxşı həyat şəraiti yaratmaq və səyləri birləşdirmək üçün çalışması uğurun əsas amillərindəndir. Şavkat Mirziyoyevin Qarabağa investisiyaların cəlb edilməsindəki müstəsna rolu da xüsusi əhəmiyyət daşıyır. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi, Xankəndidə tikiş fabrikinə investisiya və ilk böyük sənaye müəssisəsinin Özbəkistanla bağlı olması qardaşlığın konkret layihələrdə ifadəsidir. Qarabağda və Azərbaycanın digər bölgələrində yeni qarşılıqlı fəaliyyət planlarının olması əməkdaşlığın davamlılığını göstərir. İrəliləmək üçün dəqiq fəaliyyət planı var. Layihələr Bakı və Daşkəndlə məhdudlaşmır, digər bölgələri də əhatə edir. Regionlararası əməkdaşlıq forumu praktik maraq doğurur, səylərin birləşdirilməsi isə sinerji yaradır. İnvestisiya fondunun artıq üçdə birinin layihələrlə təmin olunması, Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə investisiya planları qarşıdakı mərhələnin milyardlarla ölçülən imkanlarını göstərir.Bütün bunların arxasında etimad və əlverişli investisiya mühiti dayanır. İnvestisiyalar adətən dost və qardaş ölkələrə, həmçinin əlverişli şəraitin olduğu yerlərə yönəldilir. Beləliklə, Azərbaycan-Özbəkistan münasibətləri möhkəm dostluq və qardaşlıqdan konkret iqtisadi layihələrə, qarşılıqlı investisiyalara və regional əməkdaşlığa söykənən güclü tərəfdaşlığa doğru inkişaf edir. Qarşıda aydın fəaliyyət planı, böyük potensial və ortaq iradə var. Bu əsaslar iki ölkənin daha da yaxınlaşmasına və Azərbaycan-Mərkəzi Asiya məkanının inkişafına xidmət edəcək. Prezident İlham Əliyevin Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət etməsi də münasibətlərin yeni mərhələsinin davamlı xarakter daşıdığını göstərir” – deyə, Göydəniz Qəhrəmanov açıqlamasını başa çatdırıb.