
Son illərdə, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı xaricdən müxtəlif təzyiq, hədə-qorxu, böhtan və şantaj cəhdlərinin şahidi oluruq. Bunun əsas səbəbi Azərbaycanın öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürütməsidir.
Təəssüf ki, Rusiyanın informasiya məkanında periodik olaraq səsləndirilən anti-Azərbaycan ritorikası səngimək bilmir və bu qərəzli yanaşmalar Rusiya ictimaiyyətinə də aşılanır. Bu günlərdə Rusiya telekanallarından birində Azərbaycana qarşı səsləndirilən sərt və böhtan xarakterli fikirlər haqlı olaraq Azərbaycan vətəndaşlarının ciddi qıcıq və etirazına səbəb oldu.
Bəzi xarici dairələr hələ də Azərbaycanı təzyiq yolu ilə öz qərarlarından döndərə biləcəklərini düşünürlər. Lakin unudurlar ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz güclü, dünyada söz sahibi, geniş diplomatik imkanlara və artan beynəlxalq nüfuza malik qüdrətli dövlətdir.
Regionda sabitliyi pozmaq, qarşıdurma yaratmaq və Azərbaycanın uğurlarını həzm edə bilməmək heç kimə fayda gətirməyəcək. Azərbaycan bölgədə sülh və əməkdaşlıq istəyir, lakin öz milli maraqlarının və təhlükəsizliyinin hesabına deyil.
Bizim mesajımız aydındır: Azərbaycan heç bir dövlətlə qarşıdurma axtarmır, lakin heç kimə də təhdid, şantaj və böhtan yolu ilə Azərbaycanla danışmağa imkan verməyəcək.
Bizimlə münasibət qurmaq istəyənlər qarşılıqlı hörmət və maraqlar əsasında danışmalıdırlar. Çünki Azərbaycan hansısa xarici təzyiqlər qarşısında geri addım atan dövlət deyil.
Son illərin təcrübəsi bir daha göstərir ki, Azərbaycana qarşı qurulan təzyiq planları nəticə etibarilə ölkəmizin daha da güclənməsi ilə nəticələnir. Bu reallığı nə qədər tez qəbul etsələr, bir o gədərdə region üçün faydalı olar.