• 30 °C
|

GÖYDƏNİZ QƏHRƏMANOV: “Qarabağın və Şərqi Zəngəzurun bərpası dövlət siyasətinin əsas prioritetlərindəndir”

11 İyul 2026
img

Cənab Prezidentin səfəri zamanı gündəmə gələn əsas istiqamətlər – dövlət qayğısını, inkişafı, quruculuq və bərpa işlərini, vətəndaş rifahını və turizmin inkişafını əhatə edir.

Mediaplus.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri bir daha göstərir ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası, dayanıqlı inkişafı və vətəndaşların layiqli yaşayışının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindəndir.

Laçında Həkəriçay su anbarının təməlinin qoyulması, Şuşada dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrlə tanışlıq, Xocavənd rayonunda aparılan yenidənqurma işləri, eləcə də Şuşada və Xankəndidə yeni hotel korpuslarının istifadəyə hazırlanması ölkəmizin hərtərəfli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Bu layihələr təkcə müasir infrastrukturun qurulmasına xidmət etmir. Eyni zamanda yeni iş yerlərinin açılması, vətəndaşların rifahının yüksəldilməsi, sahibkarlığın inkişafı və bölgəyə həyatın tam şəkildə qayıtması üçün möhkəm zəmin formalaşdırır. Dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində azad olunmuş torpaqlarımız qısa müddətdə müasir yaşayış, iqtisadi fəaliyyət və sosial inkişaf məkanına çevrilir.

Eyni zamanda turizm sahəsində həyata keçirilən layihələr Qarabağın zəngin tarixi, mədəni və təbii irsinin dünya miqyasında tanıdılmasına, bölgənin beynəlxalq turizm xəritəsində layiqli yer tutmasına mühüm töhfə verəcək. Bölgədə turizm infrastrukturunun genişləndirilməsi bu istiqamətdə atılan strateji addımlardan biridir.

Əminik ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Qarabağın və Şərqi Zəngəzurun yaxın illərdə regionun ən inkişaf etmiş, ən müasir və ən cəlbedici iqtisadi və turizm məkanlarından birinə çevrilməsini təmin edəcək.