• 20 °C
|

WUF13 Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə mühüm töhfə verdi – RƏY

23 May 2026
img

WUF13 Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsinə mühüm töhfə verdi.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) təkcə urbanizasiya və şəhərsalma məsələlərinin müzakirə olunduğu beynəlxalq tədbir deyil, həm də Azərbaycanın artan beynəlxalq nüfuzunun, çoxtərəfli diplomatiyadakı fəallığının və qlobal təşəbbüslərə verdiyi töhfənin bariz nümunəsi oldu: “WUF13-ün 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirməsi onun Ümumdünya Şəhərsalma Forumunun tarixində ən genişmiqyaslı sessiya kimi yadda qalmasını təmin etdi. Bu forum eyni zamanda COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbir kimi xüsusi əhəmiyyət daşıyır. Bakı bir daha qlobal həmrəyliyi, beynəlxalq tərəfdaşlığı və çoxtərəfli əməkdaşlığı təşviq edən mühüm platforma rolunda çıxış etdi. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin və etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Belə bir mötəbər tədbirin Bakıda keçirilməsi təsadüfi deyil. WUF13-ün Azərbaycana həvalə olunması ölkəmizin urbanizasiya, dayanıqlı şəhərsalma və müasir inkişaf modelləri sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin nəticəsidir. Azərbaycan artıq yalnız regional deyil, həm də qlobal miqyasda mühüm təşəbbüslərlə çıxış edən və bu təşəbbüslərin reallaşmasına töhfə verən dövlət kimi tanınır”.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanın nüfuzunu artırır

Fatma Yıldırım qeyd edib ki, son illərdə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin uğuru Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsidir: “Bu gün Azərbaycan beynəlxalq platformalarda etibarlı tərəfdaş, təhlükəsiz məkan və təşəbbüskar dövlət kimi qəbul olunur. COP29, WUF13 və digər qlobal tədbirlər göstərdi ki, ölkəmiz ən yüksək standartlara uyğun təşkilatçılıq imkanlarına malikdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə WUF13 çərçivəsində ilk dəfə keçirilən Liderlərin Bəyanatları Sessiyası forumun siyasi çəkisini daha da artırdı. Bu sessiyanın təşkili Ümumdünya Şəhərsalma Forumu tarixində yeni mərhələ hesab oluna bilər. Mayın 18-də keçirilən tədbirdə 27 dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və yüksək səviyyəli nümayəndələrin iştirakı Azərbaycanın beynəlxalq dialoq platforması kimi rolunun gücləndiyini nümayiş etdirdi”.

Onun sözlərinə görə, sessiyada iştirak edən liderlərin Azərbaycana ünvanladıqları təşəkkür və yüksək qiymətləndirmə ölkəmizin nüfuzunun göstəricisidir: “Qonaqlar Azərbaycanın yüksək qonaqpərvərliyini, beynəlxalq dialoq üçün yaradılmış şəraiti və forumun peşəkar təşkilini xüsusi vurğuladılar. Bu isə ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən etimadla qarşılandığını təsdiq edir”.

“Liderlərin Sessiyası Bakının strateji dialoq mərkəzi rolunu gücləndirdi”

Deputat hesab edir ki, WUF13 çərçivəsində Liderlərin Sessiyası Azərbaycanın beynəlxalq əməkdaşlığın təşviqi istiqamətində artan rolunun növbəti təsdiqi oldu: “Azərbaycan artıq təkcə regional məsələlərin deyil, qlobal problemlərin də müzakirə olunduğu mühüm platformaya çevrilib. Bakı müxtəlif siyasi baxışlara malik dövlətləri bir araya gətirən dialoq məkanı kimi öz mövqeyini möhkəmləndirir”.

Fatma Yıldırım bildirib ki, bu sessiya həm də Azərbaycanın yeni beynəlxalq təşəbbüslər formalaşdırmaq qabiliyyətini nümayiş etdirdi: “Müasir dünyada etimad mühitinin formalaşdırılması, çoxtərəfli əməkdaşlığın təşviqi və ortaq problemlərin birgə həlli xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu istiqamətdə mühüm rol oynayır və WUF13 çərçivəsində keçirilən Liderlərin Bəyanatları Sessiyası bunun bariz nümunəsidir”.

Azərbaycan öz şəhərsalma təcrübəsini dünya ilə bölüşdü

Deputat vurğulayıb ki, Azərbaycan forumun gündəliyinə substantiv töhfələr verərək öz unikal inkişaf modelini beynəlxalq ictimaiyyətə təqdim etdi: “Ölkəmiz müasir şəhərsalma ilə milli-mədəni irsin qorunmasını uğurla uzlaşdıran nadir dövlətlərdən biridir. Azərbaycanda həyata keçirilən layihələr göstərir ki, innovativ urbanizasiya qədim memarlıq ənənələrinin qorunması ilə paralel şəkildə həyata keçirilə bilər”.

Fatma Yıldırım işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin forum iştirakçıları tərəfindən böyük maraqla qarşılandığını bildirib: “Azərbaycan öz maliyyə və insan resursları hesabına dağıdılmış şəhər və kəndləri yenidən qurur. Urbisidə, ekosidə və kultursidə məruz qalmış 9 şəhərin və 100-dən artıq kəndin bərpası dünya miqyasında nadir nümunələrdən biridir. Bu proses yalnız fiziki infrastrukturun yenidən qurulması deyil, həm də sosial həyatın, iqtisadi fəaliyyətin və mədəni irsin bərpasıdır”.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir: “Bu layihələr dayanıqlı inkişaf prinsiplərinə əsaslanır və müasir urbanizasiya modelinin uğurlu nümunəsi kimi diqqət çəkir”.

Bakı Şəhər Mükafatı Azərbaycanın qlobal təşəbbüslərinin davamıdır

Deputat qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə Bakı Şəhər Mükafatının təsis olunması da mühüm hadisədir: “Bu addım Azərbaycanın qlobal şəhərsalma gündəliyinin formalaşmasına verdiyi töhfənin növbəti nümunəsidir. Bakı Şəhər Mükafatı gələcəkdə innovativ və dayanıqlı şəhər inkişafı sahəsində uğurlu təcrübələrin təşviqinə xidmət edəcək”.

Fatma Yıldırım bildirib ki, WUF13 çərçivəsində tətbiq olunan innovativ təşkilati yanaşmalar beynəlxalq səviyyədə yüksək qiymətləndirildi: “Forumun təşkili zamanı istifadə edilən müasir texnologiyalar, logistika həlləri və koordinasiya mexanizmləri iştirakçılar tərəfindən təqdirlə qarşılandı. Bu, Azərbaycanın beynəlxalq tədbirlərin təşkilində artıq nümunə yaradan ölkələr sırasında yer aldığını göstərir”.

WUF13 Bakı standartları gələcək forumlar üçün nümunə olacaq

Deputat Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı arasında imzalanmış Niyyət Məktubunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “WUF13 Bakı standartları əsasında gələcək forumlar üçün əməliyyat təlimatının hazırlanması Azərbaycanın formalaşdırdığı təcrübənin beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir. Bu, çox mühüm nailiyyətdir. Azərbaycan artıq yalnız beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə deyil, həm də bu sahədə yeni standartlar müəyyənləşdirən dövlətə çevrilir. Bu uğurların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf siyasəti dayanır. Azərbaycanın artan beynəlxalq nüfuzu, güclü iqtisadi potensialı və müasir idarəetmə modeli ölkəmizin qlobal proseslərdə daha fəal rol oynamasına imkan yaradır”.

Fatma Yıldırım vurğulayıb ki, WUF13 Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsinə mühüm töhfə verdi: “Forum bir daha sübut etdi ki, Azərbaycan qlobal əməkdaşlıq, dialoq və dayanıqlı inkişaf ideyalarının təşviqində mühüm rol oynayan dövlətlərdən biridir. Bakı isə artıq beynəlxalq diplomatiyanın, strateji müzakirələrin və qlobal təşəbbüslərin mühüm mərkəzlərindən birinə çevrilib”.