
Bu gün Naxçıvan şəhərində keçirilən Həmrəylik Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin qeyri-hökumət təşkilatlarını birləşdirən yeni platforma təsis olunub.
Milli Məclisin deputatı Azər Allahverənov APA-ya müsahibəsində bildirib ki, olduqca vacib tarixi hadisələrə şahidlik edirik.
O qeyd edib ki, Türk dünyasını daha da birləşdirəcək, xüsusilə vətəndaş cəmiyyətləri arasında əlaqələri gücləndirəcək mühüm bir platforma təsis olunub.
Deputat deyib ki, necə ki, 2009-cu ildə Naxçıvanda türk dünyasının tarixində yeni bir səhifə yazıldısa, 2025-ci il noyabrın 25-də də burada yenidən tarixi hadisə baş verir: “Türk Dövlətləri Təşkilatının vətəndaş toplumlarını yüksəldəcək vacib bir platforma yaradıldı”.
Azər Allahverənov əlavə edib ki, TDT çərçivəsində mövcud olan 34 platformanın sırasına bu gündən etibarən 35-ci platforma da daxil edilib: “Təşkilata üzv və müşahidəçi statusunda olan 8 ölkə bu təşəbbüsü dəstəkləyib”.
Qeyd edək ki, bu gün Naxçıvanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platforması rəsmən təsis olunub. Forumun qərarına əsasən, platformanın sədri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Allahverənov seçilib.