• 27 °C
|

Bakıda TDT üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin V toplantısı başlayıb

17 Sentyabr 2026
img

Bakıda Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun sədrliyi ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı öz işinə başlayıb.

APA xəbər verir ki, Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Nümayəndə heyətlərini səmimi salamlayan dövlətimizin başçısı müasir dünyada ənənəvi təhdidlərin və bəşəriyyəti narahat edən yeni çağırışların çoxalması fonunda Türk Dövlətləri Təşkilatının beynəlxalq aləmdə artan nüfuzunu və potensialını, onun Təşkilatın dünyanın güclü geosiyasi mərkəzlərindən birinə çevrilməsini şərtləndirən əsas amillərdən olduğunu, Azərbaycanın sədrliyi dövründə əldə edilən nailiyyətləri qeyd etmişdir. Tarixi Zəfərin regionda yeni geosiyasi reallıq yaratdığı, onun ölkələrimizi iqtisadi, logistik və strateji cəhətdən biri-birinə daha da yaxınlaşdıracaq Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdığı vurğulayıb.

Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan, eləcə də Şimali Kipr Türk Respublikası və Türk Dövlətləri Təşkilatının Katibliyi təmsilçilərinin iştirak etdiyi tədbirdə Türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunacaq, Yaxın Şərqdə cərəyan edən hadisələr fonunda regional təhlükəsizlik problemləri, süni intellekt sahəsində milli inkişafın imkanları və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, TDT-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin IV iclası ötən il Bişkekdə keçirilib.