• 24 °C
|

Dmitriy Mariyasin: BMT TRIPP üzrə konkret həllərin hazırlanmasına dəstək göstərə bilər – MÜSAHİBƏ

9 Sentyabr 2026
img

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitriy Mariyasinin APA-ya müsahibəsi

Hazırda diqqətimizi Azərbaycan, Mərkəzi Asiya ölkələri və Avropadakı bir çox tərəfdaş ölkə üçün prioritet olan Orta Dəhlizə yönəltmişik

– Bakı İqlim Həftəsi çərçivəsində çıxışınızda Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişaf etdirilməsinin Azərbaycan üçün mühüm imkan yaratdığını bildirdiniz. UNECE bu istiqamətdə hansı texniki və institusional dəstəyi göstərə bilər?

– UNECE uzun illərdir nəqliyyat və ticarət sahəsində fəaliyyət göstərir. Bu çərçivədə region ölkələrinə səmərəli, effektiv, yaşıl və rəqəmsallaşdırılmış nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində dəstək veririk. Biz dəhlizlərin bütün marşrutlarının inkişaf etdirilməsində ölkələrə dəstək göstəririk. Asiya ilə Avropanı birləşdirən dəhlizlərə gəldikdə isə bura Şimal, Orta və Cənub marşrutları daxildir. Hazırda Bakıda diqqətimizi Azərbaycan, Mərkəzi Asiya ölkələri və Avropadakı bir çox tərəfdaş ölkə üçün prioritet olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna – Orta Dəhlizə yönəltmişik.

Əsas diqqət dəhlizin BMT-nin norma və standartları əsasında maneəsiz fəaliyyət göstərə bilməsinin təmin edilməsinə, rəqəmsal həllərin bir-biri ilə uyğun və qarşılıqlı işlək olmasına, həmçinin daşımaların müddətinin azaldılmasına yönəlib.

İnfrastrukturun layihələndirilməsi zamanı onun “yaşıllaşdırılma”sı və dekarbonizasiya nəzərə alınmalıdır. Bu məsələ ilk dəfə təxminən iki il əvvəl Bakıda keçirilən COP29 zamanı müzakirə edilmişdi. O vaxtdan etibarən UNECE-nin Nəqliyyat Tendensiyaları və İqtisadiyyatı üzrə İşçi Qrupunun Türkiyənin rəhbərliyi ilə fəaliyyəti çərçivəsində dəhlizlərin dekarbonizasiyası və “yaşıllaşdırılma”sı üçün nələrin tələb olunduğuna dair daha ətraflı müzakirələrə başlamışıq. Ümid edirik ki, Antalyada keçiriləcək COP31 bunun davam etdirilməsi üçün bir fürsət olacaq.

Xəzər dənizinin dayazlaşmasının qarşısının alınması istiqamətində iş aparılmalıdır

– Bunun üçün ilk növbədə nə etmək lazım olduğunu düşünürsünüz?

– Birincisi, sərhədlərdə yük maşınlarının gözləmə müddətini azaltmaq üçün daha səmərəli və rəqəmsallaşdırılmış əməliyyatlara ehtiyacımız var.

İkincisi, logistikanı optimallaşdırmalıyıq. Bununla həm daşınma müddətini, həm də gözləmə zamanı yaranan emissiyaları azaltmaq mümkündür. Bu məqsədlə süni intellekt və digər rəqəmsal vasitələrdən istifadə edilə bilər.

Üçüncüsü, dəhlizin iqlim dəyişikliklərinin təsirlərinə və müxtəlif fəlakətlərə davamlı olmasını təmin etməliyik. Buraya quraqlıq və həddindən artıq istilərdən tutmuş, dəmir yolu və ya avtomobil yolunun fəaliyyətini poza biləcək qəfil daşqınlara qədər müxtəlif risklər daxildir. Əlbəttə ki, Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı son dərəcə aktual məsələ də var və bu da iqlim hadisələrinə kifayət qədər həssasdır.

Beləliklə, nəqliyyat vasitələrindən liman infrastrukturuna, intermodal logistika əməliyyatlarından yolların layihələndirilməsinə qədər geniş gündəliyimiz var. Eyni zamanda, Xəzər dənizinin dayazlaşmasının qarşısının alınması istiqamətində də iş aparılmalıdır.

Biz beş Mərkəzi Asiya ölkəsinə və Azərbaycana ticarət və nəqliyyat bağlantılarının yaxşılaşdırılmasında dəstək veririk

– Xəzər dənizi ilə bağlı məsələyə toxundunuz. UNECE-nin Xəzər dənizi regionunda, xüsusilə Azərbaycanla həyata keçirdiyi və ya planlaşdırdığı layihələr hansılardır və bu layihələr Xəzər üzərindən nəqliyyat, logistika və regional bağlantıların inkişafına necə töhfə verə bilər?

– Transxəzər Dəhlizinin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsi çox mühüm sənəddir. Bu sənəd 2023-cü ildə Bakıda keçirilən Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramın (SPECA) sammitində qəbul edilib.
SPECA, UNECE və bizim tərəfdaş regional komissiyamız olan BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən birgə həyata keçirilən proqramdır. Biz beş Mərkəzi Asiya ölkəsinə və Azərbaycana ticarət və nəqliyyat bağlantılarının yaxşılaşdırılmasında dəstək veririk. Yol Xəritəsi nəqliyyatın əsasını təşkil edən BMT konvensiyalarının rəqəmsallaşdırılması, dəhlizdən keçid müddətinin azaldılmasına kömək edəcək yeni norma və standartların yaradılması ilə bağlı konkret fəaliyyətləri nəzərdə tutur.

Məsələn, bizim ən yeni konvensiyamız olan Vahid Dəmir Yolu Hüququ ilə bağlı işlər aparılır. Həmçinin, dəhlizdə treyderlərin istifadə etməsi üçün BMT standartlarından, yəni UN/CEFACT standartlarından istifadə olunması nəzərdə tutulur.

Hazırda hər üç istiqamət üzrə müzakirələr aparılır və ümid edirik ki, bu fəaliyyətlər yeni yaradılmış SPECA Çoxtərəfli Tərəfdaşlıq Etimad Fondu vasitəsilə dəstəklənəcək. Azərbaycan Özbəkistan və Türkiyə ilə birlikdə bu fonda mühüm maliyyə töhfəsi verib.

– Bəs UNECE Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin, xüsusilə Orta Dəhliz kontekstində nəqliyyat, logistika və regional bağlantıların inkişafı baxımından potensialını necə qiymətləndirir?

– Biz Azərbaycan və Ermənistan rəsmiləri, eləcə də Türkiyə ilə TRIPP təşəbbüsü ilə bağlı müzakirələrə başlayırıq. Bu, Orta Dəhliz çərçivəsində marşrutlardan biridir. Qeyd etdiyim kimi, biz bütün marşrutların inkişafını dəstəkləyirik ki, mümkün qədər bir-birini tamamlayan çox marşrut olsun. Bu marşrutlardan biri də regional əməkdaşlığın və ticarətin yaxşılaşdırılmasına gətirib çıxara bilər. Biz regionun bütün ölkələrinə, o cümlədən artıq qeyd etdiyim rəqəmsal vasitələrdən istifadə etməklə, bu marşrutun inkişaf etdirilməsində dəstək verməyə hazırıq.

Eyni zamanda, biz regionun bütün ölkələrinin UNECE-nin AGTC Konvensiyasına qoşulmasını təşviq edirik. Bu konvensiya dəhlizlər boyunca infrastrukturun inkişafı üçün standartlar müəyyənləşdirir.
Ölkələr arasında müzakirələrin nəticələrindən asılı olaraq bu istiqamətdə görüləcək işlər hələ qarşıdadır. Məncə, ilk növbədə bu, Azərbaycan və Ermənistan, eləcə də digər qonşu dövlətlər arasında ikitərəfli müzakirə məsələsidir.

Əgər ölkələr TRIPP-in fəaliyyətə başlaması üçün konkret həllərin hazırlanmasında BMT-nin dəstəyinə ehtiyac duysalar, biz kömək etməkdən məmnun olarıq.

COP29 zamanı yaradılmış Bakı Su və İqlim Dialoqunu dəstəkləməyə davam edirik

– Sonuncu sualım Azərbaycanın iqlim diplomatiyasında aktiv fəaliyyəti ilə əlaqəlidir. Azərbaycan COP29-a ev sahibliyi etdikdən sonra iqlim gündəliyində fəal rolunu davam etdirir. UNECE Azərbaycanın bərpa olunan enerji, “yaşıl enerji” və enerji keçidi sahəsində potensialına necə dəstək verir? Bu istiqamətlərdə Azərbaycanla bağlı yeni UNECE layihələri planlaşdırılırmı?

– Biz siyasət və ekspert məsləhətləri sahəsində əməkdaşlığı davam etdiririk. Azərbaycan UNECE-nin Dayanıqlı Enerji Komitəsinin və müvafiq ekspert qruplarının fəaliyyətində iştirak edir. Biz ölkənin yaxşı bilik və təcrübəsindən faydalanırıq, eyni zamanda, Azərbaycan da UNECE platformasında digər ölkələrin təcrübəsindən yararlana bilər. Beləliklə, ilk növbədə söhbət bilik mübadiləsi və ekspert dialoqundan gedir.

İkincisi, neft və qaz sektorunda metan emissiyalarının azaldılması məsələsini müzakirə etməkdə maraqlıyıq. Bu, qarşıdakı COP üçün də prioritet mövzulardan biridir. Eyni zamanda, bu istiqamət COP29-da ərzaq və kənd təsərrüfatı sektorundan metan emissiyalarına diqqət yetirilməsi ilə bağlı işin davamı ola bilər.

Bizim fikrimizcə, enerji məsələləri su məsələləri ilə də əlaqəlidir. Buna görə də UNEP və Ümumdünya Meteorologiya Təşkilatı (WMO) ilə birlikdə COP29 zamanı yaradılmış Bakı Su və İqlim Dialoqunu dəstəkləməyə davam edirik. Bu dialoq Azərbaycanın COP irsinin çox mühüm hissəsi olaraq qalacaq.

Əslində, hazırda Bakı İqlim Həftəsi çərçivəsində Bakı Su və İqlim Mərkəzi ilə bağlı tədbir keçiririk və hesab edirik ki, bu təşəbbüs iqlim gündəliyi çərçivəsində su məsələlərinin idarə olunmasına dair qlobal arxitekturanın bir hissəsinə çevrilə bilər.