
“Mənim fikrimcə, avqustun 23-də imzalanmış Əbədi dostluq haqqında Müqavilənin əhəmiyyəti sənədin adının özündən daha genişdir. O, faktiki olaraq son illərdə Özbəkistanla Azərbaycan arasında formalaşmış xüsusi münasibətlər sisteminin siyasi-hüquqi əsasını möhkəmləndirir”.
Bunu APA-ya açıqlamasında özbəkistanlı politoloq Azamat Seitov deyib.
O xatırladıb ki, 2024-cü ildə ölkələrimiz arasında əlaqələr artıq müttəfiqlik münasibətləri səviyyəsinə yüksəlib: “İndi isə növbəti addım atılıb, yəni müttəfiqlik münasibətlərinə uzunmüddətli, hətta deyərdim ki, tarixi ölçü verilib.
Prezident Şavkat Mirziyoyev bunu çox dəqiq ifadə edib: Əbədi dostluq haqqında Müqavilə iki ölkənin qarşılıqlı fəaliyyəti dərinləşdirmək, əməkdaşlıq imkanlarını genişləndirmək və ortaq gələcək qurmaq istiqamətində birgə səylərinin təcəssümüdür. Bu gün strateji tərəfdaşlığın və müttəfiqliyin hər bir müddəası konkret, real işlərdə öz əksini tapır. Özünüz baxın. Ali Dövlətlərarası Şura yaradılıb, hökumətlər, parlamentlər, regionlar və işgüzar dairələr fəal əməkdaşlıq edir, birgə investisiya və sənaye layihələri həyata keçirilir.
Münasibətlərdəki abu-havanın özü də mühüm əhəmiyyət daşıyır. Şavkat Mirziyoyev Azərbaycanı etibarlı müttəfiq, strateji tərəfdaş və qardaş dövlət adlandıraraq xalqlarımızın ortaq tarixi köklərini, mədəniyyətini, ənənələrini və vahid sivilizasiya kodunu xüsusi vurğulayıb. Buna görə də mən yeni Müqaviləni ortaq tarixlə ortaq gələcək arasında bir növ siyasi körpü kimi qəbul edirəm. Bu sənəd Bakı ilə Daşkənd arasındakı münasibətləri daha proqnozlaşdırıla bilən və dayanıqlı edir, onlara qarşıdakı onilliklər üçün strateji perspektiv qazandırır”.
Politoloq müqavilənin suverenliyə, təhlükəsizliyə və ərazi bütövlüyünə qarşılıqlı dəstək haqqında müddəaları sənədin prinsipial əhəmiyyət daşıyan hissələrindən biri hesab edir: “Dövlətlər arasında dostluq o zaman tamamilə başqa keyfiyyət qazanır ki, tərəflər yalnız mədəni yaxınlıqdan və qarşılıqlı rəğbətdən danışmır, eyni zamanda bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət və dəstəyi təsbit edirlər.
Digər tərəfin suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətə yol verilməməsi, eləcə də öz ərazisinin üçüncü qüvvələr tərəfindən tərəfdaşa zərər vurmaq məqsədilə istifadəsinə imkan verilməməsi ilə bağlı öhdəlik xüsusilə mühümdür. Bu, ölkələrimiz arasında siyasi etimadın son dərəcə yüksək səviyyədə olduğunu göstərir.
Bununla yanaşı, mən bu Müqavilənin hər hansı hərbi blokun yaradılması kimi mexaniki şəkildə şərh edilməsi ilə razı deyiləm. Hesab edirəm ki, sənəd qarşılıqlı etibarlılığın siyasi-hüquqi mühitini yaradır. Belə bir mühitdə hər bir tərəf bilir ki, digər tərəfin fundamental milli maraqları siyasi sövdələşmə predmetinə çevrilməyəcək. Eyni zamanda, ərazi bütövlüyü prinsipi Özbəkistanın xarici siyasətində həmişə xüsusi əhəmiyyət daşıyıb. Ölkəmizin Azərbaycanın ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəklədiyi də yaxşı məlumdur.
Daha geniş mənada isə bu cür müddəalar bütün Mərkəzi Asiya və Cənubi Qafqaz məkanının dayanıqlığını artırır. Bu gün beynəlxalq sistemin getdikcə daha az proqnozlaşdırıla bilən xarakter aldığı bir şəraitdə suverenliyə hörmət, daxili işlərə qarışmamaq və qarşılıqlı dəstək özlüyündə strateji resursa çevrilir. Məhz buna görə də Müqavilənin bu bölməsi yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də mühüm əhəmiyyət daşıyır”.
Azamat Seitov Azərbaycan Prezidentinin səfərinin haqlı olaraq tarixi səfər adlandırıldığını vurğulayıb: “Mənim fikrimcə, burada söhbət zaman keçdikcə əhəmiyyəti Özbəkistanla Azərbaycan arasındakı ikitərəfli münasibətlərin hüdudlarını xeyli aşa biləcək bir prosesdən gedir. Faktiki olaraq, “Mərkəzi Asiya – Xəzər – Cənubi Qafqaz” üzrə yeni qarşılıqlı bağlantı oxu formalaşır, Bakı və Daşkənd isə onun ən mühüm dayaq mərkəzlərindən birinə çevrilir.
Bu proses artıq siyasi baxımdan da rəsmiləşib. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına qoşulmasından sonra Prezident Şavkat Mirziyoyev baş verənləri qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni – makroregional səviyyəyə yüksəlməsi kimi qiymətləndirib. Bu sözlər mühüm siqnaldır. Mən burada Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən vahid inkişaf məkanının formalaşdırılması üçün tarixi imkan görürəm.
Əbədi dostluq haqqında Müqavilə də bu konstruksiyanı möhkəmləndirir. O, əhalisinin sayına görə Mərkəzi Asiyanın ən böyük ölkəsi olan Özbəkistanla Xəzərin qərb sahilində unikal coğrafi mövqeyə malik Azərbaycan arasında əlavə etimad səviyyəsi yaradır.
Bunun praktiki məzmunu mənim üçün aydındır. Söhbət birgə nəqliyyat dəhlizlərindən, enerji layihələrindən, yeni istehsal zəncirlərindən, investisiya platformalarından, rəqəmsal əlaqələrdən, regionlar və universitetlər arasında təmaslardan gedir. Beləliklə, Xəzər dənizi ilə bir-birindən ayrılan iki regionun coğrafi yaxınlığı tədricən vahid iqtisadi məkanın formalaşmasına şərait yaradır. Belə bir model Mərkəzi Asiyanın Qafqaz, Türkiyə, Avropa və digər istiqamətlərlə əlaqələrinin sayını və imkanlarını genişləndirir. Burada Özbəkistanın maraqları Mərkəzi Asiyanın bütün ölkələrinin maraqları ilə üst-üstə düşür.
Buna görə də deyərdim ki, Azərbaycan–Özbəkistan müttəfiqliyi iki region arasında özünəməxsus institusional körpü rolunu oynaya, Xəzəri bizi ayıran məkandan bizi birləşdirən məkana çevirə bilər”.
Politoloq əlavə edib ki, iqtisadiyyat ölkələrimiz arasında münasibətlərin nə dərəcədə ciddi şəkildə dəyişdiyini göstərən ən yaxşı göstəricilərdən biridir: “Bu sahədə artıq kifayət qədər inandırıcı dinamika müşahidə olunur. Mövcud məlumatlara görə, 2017-ci ildən etibarən Özbəkistanın Azərbaycanla ticarət dövriyyəsi 9,5 dəfə artaraq 32,5 milyon dollardan 307,3 milyon dollara çatıb. Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə fəaliyyət göstərən müəssisələrin sayı 71-dən 442-yə yüksəlib, yəni altı dəfədən çox artıb. Təkcə 2025-ci ildə Azərbaycanın Özbəkistana yatırdığı investisiyaların həcmi 173,7 milyon dollar təşkil edib, birgə Özbəkistan–Azərbaycan İnvestisiya Şirkətinin kapitalı isə 500 milyon dollardır.
Lakin ən mühüm məqam ondan ibarətdir ki, tərəflər artıq mövcud göstəricilərdən daha irəliyə baxırlar. Dövlət səfəri çərçivəsində qarşılıqlı ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılmasını nəzərdə tutan xüsusi proqram qəbul edilib.
Bununla yanaşı, əməkdaşlıq getdikcə daha çox şaxələnir. Artıq bank sahəsində, tikinti materiallarının istehsalında, turizm və yaşayış infrastrukturunda, mineral xammalın emalında, bağçılıqda və təhsil sahəsində layihələrə başlanılıb. Energetika, geologiya, kimya sənayesi, kənd təsərrüfatı, avtomobil istehsalı və tekstil sahələri də perspektivli istiqamətlər hesab olunur.
Buna görə də əsas perspektiv sadə qarşılıqlı ticarətdən üçüncü ölkələrin bazarlarına çıxmaq imkanına malik birgə istehsal müəssisələrinin yaradılmasına keçiddən ibarətdir”.