
Cənubi Qafqaz, digər tərəfdən Cənubi Qafqaz-Mərkəzi Asiya regionu geosiyasi proseslərin arxa planında deyil.
APA xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Bakıda keçirilən “Avropa-Azərbaycan münasibətləri: tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda dəyirmi masadakı çıxışında deyib.
“Biz bilirik ki, əsas oyunçular artıq regionda möhkəmləniblər və konkret layihələrə böyük həcmdə investisiya yatırırlar. Rusiyanın prioriteti Şimal-Cənub, ABŞ-ın prioriteti isə TRIPP isə layihəsidir”, – o bildirib.
Elşad İskəndərov qeyd edib ki, Çin də regiona böyük həcmdə investisiya yatırır. Belə ki, Çin 2025-ci ilin ortalarına qədər regiona 690 milyon dollar sərmayə qoyub və bunun 60 faizi Azərbaycana yönəlib: “Bu investisiyaların böyük hissəsi bağlantı və nəqliyyat dəhlizlərinə aiddir. Bunu təsdiqləyən faktlardan biri isə ilin əvvəlindən Orta Dəhliz vasitəsilə konteyner daşımalarının 37 faiz artmasıdır. Bu göstərici dəhlizin böyük potensiala malik olduğunu göstərir”.
Onun sözlərinə görə, Aİ-nin həyata keçirdiyi texniki-iqtisadi əsaslandırma üzrə investisiyalar çox vacibdir, lakin dinamika artırılmalıdır. “Düşünürəm ki, konnektivlik və nəqliyyat əməkdaşlığın əsas istiqamətlərindən biridir. Digər mühüm məsələ isə minalardır. Təəssüf ki, qeyd etdiyim üç elementdən biri – minalar hələ də qalır. Artıq münaqişə yoxdur, Azərbaycan və ümumilikdə Cənubi Qafqazda dağıntı yoxdur, lakin minalar hələ də qalmaqdadır. Azərbaycan ərazisində 1,5 milyondan çox mina var. Bu, təxminən bir ölkənin ərazisinin ölçüsünə bərabər sahəni əhatə edir. Konkret ölkələrin adını çəkməyəcəyəm, lakin bu yaxınlarda Livan “Ottava Konvensiyası”na qoşulub. Müqayisə etsək, minalarla çirklənmiş Qarabağ regionunun ərazisi təxminən Livanın ölçüsünə bərabərdir”.